Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdiyi bir dövrdə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də bu proseslərdə fəal iştirak etməyə çalışır. Müxtəlif yüksəksəviyyəli görüşlər, xüsusilə aprelin 2-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən görüşü və artan regional əməkdaşlıq fonunda ŞKTC-nin mövqeyi xüsusi maraq doğurur.

ŞKTC-nin Baş naziri Ünal Üstel AZƏRTAC-a müsahibəsində həm bu görüş, həm də təşkilat çərçivəsində əməkdaşlığın perspektivlərindən bəhs edib.

– Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz! Son dövrlərdə Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndiyini müşahidə edirik. Bu baxımdan Bakıda təşkil edilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü xüsusi əhəmiyyət kəsb edir. Bu görüşü necə dəyərləndirirsiniz?

– Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanda olmaqdan böyük məmnunluq duyuruq. İlk növbədə, belə gözəl toplantıya bizi də dəvət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi-qəlbdən təşəkkür edirik.

Bakı görüşündə apardığımız müzakirələrdə ölkələrimiz arasında iqtisadiyyat, turizm, təhsil və idman sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik. Ölkələrimiz arasındakı əlaqələri daha necə gücləndirə biləcəyimizdən danışdıq. Bu mövzuları yaxın gələcəkdə yenidən müzakirə etmək üçün yenidən bir araya gəlmək qərarına gəldik. Biz bu müzakirələrdə iştirakdan böyük şərəf və məmnunluq duyuruq. Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi artıq müəyyən bir mərhələ keçmişik. Növbəti məqsədimiz isə tam üzvlüyə keçərək əlaqələri daha da inkişaf etdirməkdir.

– Şimali Kipr və Azərbaycan arasında münasibətlər hansı istiqamətlər üzrə daha çox inkişaf edib?

– Biz hər zaman azərbaycanlı iş adamlarının Şimali Kipr Türk Cümhuriyyətinə daha çox investisiya yatırmalarını arzulayırıq. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətindəki iş adamlarının da Azərbaycana gəlib investisiya qoymaları üçün müxtəlif təşəbbüslər həyata keçiririk.

Xüsusilə bu gün bir sıra azərbaycanlı nazirin iştirakı ilə görüşümüz olacaq. Əsas müzakirə mövzularımızdan biri də investisiya yatırılması məsələsidir. Həm Şimali Kipr Türk Cümhuriyyətində, həm də Azərbaycanda iş adamlarını necə bir araya gətirə biləcəyimizi müzakirə edəcəyik.

– Bu sahədə konkret hansı gözləntiləriniz var?

– İlk növbədə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin gücləndirilməsi üçün müəyyən güzəştlərin tətbiq olunmasını vacib hesab edirik. Arzumuz budur ki, Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşları öz pasportları ilə rahat şəkildə Azərbaycana səfər edə bilsinlər.

İkincisi, turizmin inkişafı əlaqədar azərbaycanlı qardaşlarımızın istirahət üçün Şimali Kiprə üstünlük vermələrini istəyirik. Şimali Kiprin təbii gözəlliklərini - günəşli havasını, dənizini və mədəniyyətini yaxından tanımalarını arzulayırıq.