11 və 12 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” tamaşasının premyerası olacaq.
Teatrdan bildirilib ki, Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən ikihissəli musiqili dramın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.
Tamaşada yalnız baş qəhrəmanın çətin və keşməkeşli taleyi deyil, eyni zamanda onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi şəraiti, bolşeviklərin hiyləgər planları nəticəsində Bakı milyonçularına qarşı törədilən ailə faciələri də əks olunur.
Səhnə əsərinin bəstəkarı Əli Əliyevdir. Musiqi tərtibatında həmçinin Yohann Ştraus II (1825–1899), Salvatore Markezi (1822–1908) və Frederik Şopen (1810–1849) kimi dünya bəstəkarlarının əsərlərindən istifadə olunub.
Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam Vüsal Rəhim, quruluşçu baletmeyster Əməkdar artist Emin Əliyev, xormeyster Məlahət Qasımova, dirijor Səməd Süleymanlı, konsertmeyster Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Çimnaz Bağırovadır.
Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Hüseyn Əlili, Faiq Mirzəyev, Gültac Əlili, Türkel Tariqpeyma, Nərmin Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev, Həmid Həmzəyev, eləcə də teatrın xor və balet artistləri iştirak edirlər.
Premyeranı izləmək istəyən teatrsevərlər biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.
























