Tarixdəki olaylar
12 iyul 1724 – Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü ilin 12 sentyabrında bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib.
12 iyul 1993 – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 iyul 1813 – Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard; 1813–1878) anadan olub.
12 iyul 1884 – İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani; 1884–1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.
12 iyul 1904 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971) Pablo Neruda (Pablo Neruda – Ricardo Eliezer Neftal Reyes Basoalto; 1904–1973) anadan olub.
12 iyul 1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.
12 iyul 1940 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (1940 – 9.9.2022) anadan olub. Teatr və televiziya tamaşalarına, filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, mahnıların müəllifidir.
12 iyul 1987 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov; 1916–1987) vəfat edib.
Hazırladı: Vüqar Orxan