Tarixdəki olaylar
22 oktyabr 1917 – Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib. 40 faiz səs toplayan “Müsavat” partiyası qələbə qazanıb, ikinci yeri eserlər – “inqilabçı sosialistlər” (30 faiz) tutublar. Üçüncü nəticə (16 faiz) göstərən Şaumyanın başçılıq etdiyi bolşeviklər (Rusiya K(b)P-nin Bakı komitəsi) seçkinin nəticələrini tanımadılar və Petroqradda 25 oktyabr (7 noyabr) üsyanından (Müvəqqəti hökumətin devrilməsi) sonra zorakılıqla Bakı Sovetində yerlərin çoxunu ələ keçirdilər.
22 oktyabr 2002 - Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus "Merkuri-2" gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb. Qəza zamanı bərədə olan 51 nəfərdən yalnız 9 nəfərini xilas etmək mümkün olub. Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 oktyabr 1811 – Macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 – 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.
22 oktyabr 1870 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1933) İvan Alekseyeviç Bunin (1870 – 8.11.1953) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib. Əsərləri: “Qafqaz”, “Lənətlənmiş günlər”, “Arsenyevin həyatı”, “Günəş zərbəsi”, “Qaranlıq xiyabanlar” (hekayələr).
22 oktyabr 1919 – İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007) Doris Lessinq (Doris Lessing; 1919 – 17.11.2013) İranın Kirmanşah şəhərində doğulub. Atası İranda ingilis ordusunun zabiti olub.
22 oktyabr 1919 – Bəstəkar Ərtoğrul Cavid (Rasizadə; 1919 – 14.10.1943) anadan olub. Böyük şair və dramaturq Hüseyn Cavidin oğludur. Romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota köçürüb.
22 oktyabr 1920 – Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədidə anadan olub.
22 oktyabr 1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 – 1.3.2005) İrəvan şəhərində doğulub. “Füzuli”, “Nəsimi”, “Nizami” portret-xalçalarının müəllifidir.
22 oktyabr 1935 – Ukrayna şairi, publisist, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatlı Boris Oleynik (1935 – 30.4.2017) anadan olub.
22 oktyabr 1929 – Tanınmış filosof, akademik Fuad Feyzulla oğlu Qasımzadə (1929 – 3.8. 2010) Bakıda doğulub. Böyük mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.
22 oktyabr 1940 – Tərcüməçi, publisist, Əməkdar jurnalist Mailə Balabəy qızı Muradxanlı (1940 – 12.6.2010) Salyan şəhərində anadan olub.
22 oktyabr 1970 – Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 – 1970) vəfat edib.
22 oktyabr 1990 – Əməkdar artist Narınc Murad qızı Məlikova (1917-1990) vəfat edib. Füzuli və Ağdam teatrlarında aktrisa kimi fəaliyyət göstərib.
22 oktyabr 2020 – Əməkdar mədəniyyət işçisi, şair İsmayıl Cabir oğlu Dadaşov (23.3.1957 – 2020) vəfat edib. “Azərbaycanfilm”də musiqi redaktoru işləyib.
22 oktyabr 2021 – Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (10.3.1940 – 2021) vəfat edib. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib.
Hazırladı: Vüqar Orxan