M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Çin Xalq Respublikasında keçirilən 24-cü Şanxay Beynəlxalq İncəsənət Festivalında təmsil olunub. Filarmoniyanın kollektivi – Dövlət Kamera Orkestri festival çərçivəsində çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi konsertin solistləri Xalq artisti Yeganə Axundova (fortepiano) və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (violin) olub.

Filarmoniyadan bildirilib ki, konsertdə Azərbaycan və dünya klassik musiqisinin inciləri təqdim olunub.

Proqramda Ü.Hacıbəylinin "Arazbarı", Q.Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən iki rəqs, V.A.Motsartın Divertisment D-dur (I hissə), B.Brittenin "Sadə simfoniya"sın dan "Sentimental sarabanda" ( III hissə), A.Vivaldinin "İlin fəsilləri" silsiləsindən "Yay", Y.S.Baxın "Brandenburq konserti" N°3, G-dur, A.Piatsollanın "Buenos-Ayresdə ilin fəsilləri silsiləsindən "Yaz", F.Mendelsonun "Simli simfoniya" N°10, b-moll, F.Əmirovun "Nizami" simfoniyası (Final), F.Bədəlbəylinin "Dəniz", T.Quliyevin "Qaytağı" əsərləri səsləndirilib.

Azərbaycanlı ifaçıların çıxışı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə mötəbər beynəlxalq festivalda iştirak ölkəmizin musiqi mədəniyyətinin, ifaçılıq ənənələrinin və milli dəyərlərinin dünya miqyasında tanınması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir və təqdirəlayiq bir addımdır.