Tarixdəki olaylar

 

21 oktyabr 1805 – İspaniya və Fransanın birləşmiş donanması ilə Böyük Britaniyanın dəniz qüvvələri arasında Trafalqar döyüşü (İspaniyanın Atlantik okeanı sahili, Trafalqar burnu) olub. İngilis admiralı Horatsio Nelsonun donanması ispan-fransız qüvvələrini darmadağın edib. Admiral Nelson döyüşdə həlak olub. Bu qalibiyyət sayəsində Britaniya dünya okeanında hökmranlığı ələ aldı.

 

21 oktyabr 1987 – Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən – Siyasi Büro üzvlüyündən istefa verib. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən də istefa verdi. Bundan qısa müddət sonra ermənilər Qarabağ avantürasına başladılar.

 

21 oktyabr 1993 – Azərbaycan Respublikası ilə Braziliya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 oktyabr 1772 – İngilis şairi və filosofu Semyuel Kolric (Samuel Taylor Coleridge; 1772 – 25.7.1834) anadan olub.

 

21 oktyabr 1833 – İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel; 1833 – 10.12.1896) Stokholmda doğulub.

 

21 oktyabr 1928 – Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928 – 10.12.2004) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Qızıl buzov” və s.

 

21 oktyabr 1932 – Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 – 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, Moskvada həbsxanada saxlanılıb. Kitabları: “Hara gedir bu dünya?”, “Məndən başlanır vətənim”, “Türkün dünyası” və s.

 

21 oktyabr 1932 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (1932 – 26.10.2000) Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulub. 1987-ci ildə Tbilisidə Beynəlxalq xalq yaradıcılıq festivalının laureatı olub.

 

21 oktyabr 1935 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Fəridə Ağaəli qızı Vəlixanova (1935 – 4.9.2023) anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.

 

21 oktyabr 1938 – Ədəbiyyatşünas alim, şair Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov; 1898–1938) vəfat edib. Azərbaycan ədəbiyyatı tarixinə dair monoqrafiyaların, mili-azadlıq ruhlu şeirlərin müəllifidir. Repressiya qurbanı olub.

 

21 oktyabr 1941 – Əməkdar incəsənət xadimi, aşıq Hüseyn Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev; 1863-1941) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

Hazırladı: Vüqar Orxan