Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri oktyabrın 21-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılması perspektivinə də toxunub.
Dövlətimizin başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
***
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.
Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verilib.
Qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
***
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində də olublar.
Məlumat verilib ki, Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etmək məqsədilə yaradılan mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.