Azərbaycanın dünyaca məşhur cazmeni, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadənin (16.3.1940 – 16.12.1979) anadan olmasının 86-cı ildönümü münasibətilə silsilə tədbirlər proqramı tərtib edilib.
"İçərişəhər" Dövlət Tarix Memarlıq-Qoruğu İdarəsi, Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və sənətkarın ev-muzeyinin birgə təşkil etdiyi tədbirlər 15-16 mart tarixlərində müxtəlif məkanlarda keçiriləcək.
Proqram martın 15-də axşam saatlarında Qoşa Qala meydanında caz ifaçılarının konserti ilə başlanacaq.
Martın 16-da Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyində paytaxt məktəblilərinin caz mövzusunda və Vaqif Mustafazadəyə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgi açılacaq.
"Fotoqrafiya Evi"ndə isə Bakı şəhəri musiqi məktəbləri şagirdlərinin caz musiqisi ifaçılığı üzrə müsabiqəsi keçiriləcək. Onların ifalarını musiqi və incəsənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Günün son tədbiri “Baku Jazz Club”da tanınmış ifaçıların təqdim edəcəyi "jam session" – canlı improvizasiya gecəsi olacaq.






















