Milli Kitabxana “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, sərgilərdə rəsmi sənədlər, Cümhuriyyət dövründə Milli Ordunun qurulması, Heydər Əliyev və müstəqil Azərbaycanın ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi, tarixə adı qızıl hərflərlə yazılmış hərbi xadimlər, veteranlar, vətən uğrunda şəhid olunmuş hərbçilər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə genişməzmunlu elektron məlumat bazasını istifadəçilərə təqdim edib.
Elektron resursun bölmələri vasitəsilə istifadəçilər Azərbaycan hərb tarixinin müxtəlif mərhələləri, milli ordu quruculuğunun əsas istiqamətləri və Silahlı Qüvvələrin inkişaf mərhələləri barədə dolğun məlumat əldə edə bilərlər.
Məlumat bazasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissənin yaradılması ilə milli ordumuzun təməlinin qoyulması, müstəqillik illərində ordu quruculuğunun yeni mərhələyə qədəm qoyması və 1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edilməsi haqqında məlumatlar təqdim edilir.
Resursun “Ümummilli Lider Heydər Əliyev dövrü” və “İlham Əliyev və güclü silahlı qüvvələr” bölmələrində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, peşəkar zabit kadrlarının hazırlanmasına diqqət, Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğun inkişafı haqqında materiallar toplanıb.
Elektron bazada həmçinin Azərbaycanın görkəmli hərbçiləri və sərkərdələri haqqında məlumatlar, mövzu ilə bağlı kitablar, elmi məqalələr, dissertasiya materialları, dövri mətbuat nümunələri, foto və videomateriallar sistemləşdirilmiş şəkildə təqdim olunur. İstifadəçilər “Virtual sərgi” bölməsi vasitəsilə Azərbaycan Ordusunun tarixinə və qəhrəmanlıq salnaməsinə həsr olunmuş nəşrlərlə tanış ola bilərlər.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan Ordusunun zəngin tarixinin təbliği, hərbi-vətənpərvərlik mövzusunda etibarlı informasiya resurslarının əlçatanlığının artırılması məqsədilə hazırlanan elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib.























