Martın 13-də Səttar Bəhlulzadənin Ev-Muzeyində (Bakı şəhəri Əmircan qəsəbəsi) Novruz bayramına həsr edilmiş tədbir keçirilib.

Muzeyin direktoru Pərzad Abdinova çıxışında Novruzun xalqımızın qədim mədəniyyətini, milli mənəvi varlığını özündə əks etdirən bayram olduğunu vurğulayıb, Xalq rəssamı Səttar Bəhlulzadənin də bu mövzuda əsərlər yaratdığını deyib.

Direktor görkəmli sənətkarın Novruza, yazın gəlişinə həsr etdiyi "Xonça", "Azərbaycan nağılı" və başqa əsərləri barədə məlumat verib.

Rəssamın əsərlərini nümayiş etdirən musiqili video-çarx da maraqla qarşılanıb.

Tədbirdə 97 nömrəli tam orta məktəbin rəsm dərnəyi üzvlərinin Novruz bayramına həsr edilən əl işləri sərgilənib.

84 nömrəli tam orta məktəbin şagirdləri Novruza həsr olunmuş şeirlər söyləyiblər.

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.