Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ) Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin N saylı hərbi hissəsində “Vətən sərhəddən başlayır” adlı konsert proqramı təşkil edib.

İdarənin yaydığı məlumata görə, 18 avqust – Azərbaycanda Sərhəd Qoşunlarının yaranmasının (1919) 107-ci ildönümünə həsr edilən konsert Mil-Muğan RMİ ilə DSX-nin Göytəpə Sərhəd Dəstəsinin N saylı hərbi hissəsi arasında 2026-cı il üçün təsdiq edilmiş birgə tədbirlər planına uyğun olaraq keçirilib.

RMİ-nin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov sərhədçiləri peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Qeyd edib ki, əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə təsis olunub.

Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzi və İmişli şəhər Uşaq incəsənət məktəbinin hazırladığı konsert proqramında Vətənə, dövlətə və qəhrəmanlığa həsr olunmuş mahnılar səsləndirilib, rəngarəng musiqi və rəqs nömrələri ifa olunub.

Hərbi qulluqçular tərəfindən maraqla qarşılanan proqram onlarda xoş əhval-ruhiyyə yaradıb.