Milli Kitabxanada görkəmli yazıçı-dramaturq, maarif xadimi, pedaqoq Süleyman Sani Axundovun (1875–1939) 150 illiyi münasibətilə ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə dramaturqun hekayələri, povestləri, elmi-publisistik materialları, həmçinin onun həyatı, müasirləri ilə əlaqələri haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunub.
***
Yazıçı-dramaturq, pedaqoq, ictimai xadim Süleyman Sani Axundovun 150 illik yubileyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda Süleyman Sani Axundovun həyat və yaradıcılığı, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, akademik Rafael Hüseynovun “Həyat qədər təbii”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Sani Axundov” adlı məqalələrinin tam mətni təqdim edilir.
Kitabxananın saytında (https://ryl.az/funds/biblioqrafik-icmal) yerləşdirilən materialda Süleyman Sani Axundovun müəllifi olduğu, Azərbaycan və rus dillərində dərc edilən kitabların, onun haqqında qələmə alınan nəşrlərin biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin siyahısı sərgilənir.
Virtual kitab sərgisində ədibin “Seçilmiş əsərləri”, “Qaraca qız”, “Nürəddin”, “Uşaqlıq həyatımdan xatirələr” kitabları ilə yanaşı “Ədəbiyyatdan əbədiyyətə”, “Şuşa mədəniyyətinin inciləri: Süleyman Sani Axundov”, “Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü...” kimi məqalələrin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi də kitabxananın saytında (https://ryl.az/multimedia/suleyman-sani-axundov-150) yerləşdirilib.