XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycandakı bir sıra məktəb və mədrəsələrdə yeni tədris üsulu – üsuli cədid tətbiq edilməyə başlanılmışdı. Üsuli-cədid məktəblərində dərslər ana dilində keçirilir, rus dili müstəqil fənn kimi tədris edilirdi. Planına ümumtəhsil xarakterli fənlər, dünyəvi biliklər də daxil edilirdi. Əlifba təlimi yeni (sövti) üsulda aparılırdı.
Üsuli-cədid məktəblərində şagirdlər biliyi yaxşı mənimsəyir, təlimin tərbiyəvi xarakteri yüksəlirdi. Bu məktəblərdə dövrün qabaqcıl ziyalıları dərs deyirdilər. Azərbaycanda ilk üsuli-cədid məktəbləri S.Ə.Şirvani tərəfindən Şamaxıda (1870), M.T.Sidqi tərəfindən Ordubad (1892) və Naxçıvanda (təxminən 1894), Nuxa (indiki Şəki) camaatı tərəfindən Nuxada (1893), M.M.Nəvvab tərəfindən Şuşada (təxminən 1895), M.İ.Qasir tərəfindən Lənkəranda (təxminən 1896) açılmışdı.
Qaragüruhçular üsuli-cədid məktəblərini pisləmiş, onu “kafir məktəbi” adlandırmış, tərəfdarlarını təhqir və təqib etmişlər. M.Ə.Sabir üsuli-cədid əleyhdarlarını kəskin satira atəşinə tutmuş, Azərbaycanın mütərəqqi mətbuatı və qabaqcıl ziyalıları üsuli-cədid tərəfdarlarını müdafiə etmişlər.
Nuxada üsuli-cədid məktəbinin yaranması və fəaliyyəti
Nuxa üsuli-cədid məktəbi 1893-cü ildə əvvəlcə Nuxadakı köhnə aptek binasında fəaliyyətə başlamışdı. Məktəbin müdiri vəzifəsinə ilk olaraq Ərzurumun ən yaxşı mədrəsəsində təhsil almış hafiz Məhəmmədəmin Şeyxzadə dəvət olunmuşdu. O isə dəvəti bu şərtlə qəbul etmişdi ki, məktəbin quruluşu Avropa üslubuna uyğun olmalıdır, əks-halda heç bir yeni üsuldan söhbət gedə bilməz və o da burada işləyə bilməz. Məhəmmədəmin Şeyxzadənin şərti müsbət qəbul olunmuş və cəmi bir neçə aydan sonra məktəb 1-ci Cümə məscidinin – Xanzadələrin məscidinin həyətində yeni tikilmiş binaya köçürülmüşdü.
Məktəbin hamiləri Hacı Süleyman Hüseynov, saatsaz Mustafa Bədəlov və Hacağa Məhərrəm Hüseynov idilər. Məktəbə şəhərdən və Oxud kəndindən 16-18 yaşlı oğlanlar qəbul olunurdular. Tədris pullu idi – ayda 1 manat.
Məhəmmədəmin Şeyxzadənin arvadı Əsməsultan xanım və qızı Şəfiqə xanım isə öz evlərində qız məktəbi açmışdılar. Onlar bu məktəbə kiçikyaşlı oğlan uşaqlarını da qəbul edir və 3 ildən sonra onları sövtiyyə məktəbinə göndərirdilər. Lakin 1897-ci ildə Məhəmmədəmin Şeyxzadə ailəsini də götürüb Şamaxıya köçdü və nəticədə qız məktəbinin də fəaliyyəti dayanmış oldu.
1896-ci ildə məktəbdə 93 şagird vardı. 1897-ci ildən məktəbin müdiri Molla Ağakişi oldu. Bundan sonra məktəbin şagirdlərinin sayı sürətlə azalmağa başladı. 1899-1900-cu illərdə yenidən Məhəmmədəmin Şeyxzadə müdir olsa da, şagird sayının azalması dayanmadı.
Məktəb fəaliyyətə başlayarkən burada Ömər Faiq Nemanzadə, Qəzənfər bəy Cavanşirov, Hacı Molla Zəkəriyyə və Molla Tacəddin İmamzadə müəllimlik edirdilər. Ömər Faiq Nemanzadə hökumətdən gizli olaraq türk dili dərsi keçirdi. 1898-ci ildə bu işin üstü açılır və nəticədə o, məktəbdən uzaqlaşdırılır.
1898-ci ildən məktəbdə ipəkçilik dərslərinin tədrisi də planlaşdırılmışdı.
Bir fotoşəklin tarixi
1896-cı ilin may ayında Rusiya İmperiyasında II Nikolayın taxta çıxması ilə əlaqədar olaraq məktəblərdə tədbirlər təşkil olunurdu. Belə tədbirlərdən birinin iştirakçısı olmuş Əhməd Nəbiyev öz xatirələrində yazırdı:
“Biz şagirdləri müəllimlərlə birlikdə məktəbin həyətinə yığıb, iki-iki sıraya düzüb, qabaqdakı iki balaca uşağa – Hüseyn Zülfüqarov və Salam Yusifovun sinələrinə “Padşahım çox yaşa” yazılmış lent bağlayıb, iki böyük uşağın hərəsinə bir böyük bayraq verib onları qalanın altındakı bulvara apardılar. Yol boyu nəğmələr oxuya-oxuya getdik. Oraya çatan kimi camaatı aralayıb bizə ön sırada yer verdilər. Biz balacaları qabaqda, böyükləri isə arxada üç sıra düzdülər. Biz azərbaycanca nəğmə oxuduq, rusca nəğmə oxumağa başlayanda rus zabitləri və rus qulluqçuları və arvadları qarşımıza gəldilər. Müəllimimiz Qəzənfər bəy onlara yaxınlaşıb görüşdü. Onlar da bizə baxıb, iki saat orada dayandıqdan sonra qayıdıb məktəbin qarşısındakı həyətdə şəkil çəkdirdik. Bizim şəklimizi müəllimlərimiz “Tərcüman” qəzetinə göndərmişdilər...”.
Keçmiş Nuxa üsuli-cədid məktəbinin binası
Əvvəl binanın bir hissəsi tikilmiş, sonradan həmin hissənin memarlıq üslubuna uyğun genişləndirilərək ikinci hissəsi inşa edilmişdir. 2 mərtəbəlidir və sahəsinin ölçüləri 25 X 5 m-dir. Hər iki hissənin inşaat materialları eynidir. Buna görə hesab etmək olar ki, birinci hissənin tikilməsindən bir neçə il keçməmiş ikinci hissəsi inşa edilmişdir. Bu, məktəbə şagird qəbulunun çoxalması ilə, yaxud Məhəmmədəmin Şeyxzadənin binanı Avropa üslubunda qurmaq tələbi ilə əlaqədar ola bilər.
Bina 2021-ci ildə Dövlət Turizm Agentliyinin sifarişi ilə və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən hazırlanan layihə əsasında Şəki Xan məscidi kompleksinin tərkib hissəsi kimi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Aydın Məmmədov
Şəki şəhərindəki Sabit Rəhmanın Ev-Muzeyinin baş fond mühafizi





















