Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Elçinin (13.5.1943 – 3.8.2025) eyniadlı əsəri əsasında hazırlanan “Sənətkarın taleyi” tamaşasının növbəti nümayişi olub.

Tamaşa yazıçının doğum günü münasibətilə təqdim edilib.

Xalq artisti İranə Tağızadənin (1957–2023) quruluş verdiyi səhnə əsəri 2016-cı ildən Rus Dram Teatrının repertuarındadır.

Səhnə əsəri görkəmli Azərbaycan aktyoru və rejissoru Hüseyn Ərəblinskinin həyatından bəhs edir.

Quruluşçu rəssam Mustafa Mustafayev, geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, işıq üzrə rəssam Nikolay Rudıçevdir.

Tamaşada Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Natavan Hacıyeva, Firdovsi Atakişiyev (Ərəblinski), Elmira Aslanova, Teymur Rəhimov, Murad Məmmədov, aktrisa Dilarə Nəzərova və başqaları iştirak edirlər.

Əsər Ərəblinskinin bioqrafiyasının ən müəmmalı səhifələrindən birinə – onun naməlum şəraitdə həlak olmasına müraciət edir. Tamaşa izləyici qarşısında əsas sualı qoyur: Azərbaycan dram teatrının banilərindən biri olan dahi sənətkar hansı səbəbdən həyatından məhrum edilib və onun taleyində həqiqətlə mif arasındakı sərhəd haradan keçir?