Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyulun 3-də Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.
Tədbirdə əvvəlcə “East or West” musiqi qrupunun ifası təqdim olunub.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək bildirib ki, yaradıcı gəncləri dəstəkləmək onların inkişafı üçün mühüm amildir: “Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”.
Xalq rəssamı Arif Hüseynov sərgidə təqdim olunan əsərlər barədə danışıb: “İştirakçılar üçün geniş ifadə imkanları yaradan əsərlər abstrakt və simvolik yanaşmalar, həmçinin realizm və eksperimental texnikaları fərqli üslubları özündə birləşdirir. Sərginin ekspozisiyasında 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və videoart sənətində əsərləri yer alıb”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Nərmin İsmayılova təəssüratını jurnalistlərlə bölüşüb. “Əsərimin adı “Ah, gözələm mən”dir. Bu, hər kəsə məlum olan “Tıq-tıq xanım” obrazıdır. Düşündüm ki, bu əsər cəmiyyətin güzgüsü kimi sərgiyə çox uyğun olar. İstədim ki, hər kəs ona, sadəcə, nağıl qəhrəmanı kimi deyil, daha dərindən baxsın. Nağılda obraz dramatik şəkildə təsvir olunsa da, mən texniki cəhətdən daha yumşaq işləmişəm. Məqsədim bu obrazı hər kəsə xatırlatmaqdır. Sərgidə iştirak etmək mənim üçün qürurvericidir”,- deyə o bildirib.
Sərgi sentyabrın 3-dək davam edəcək.