İyulun 3-də “İRS” Nəşriyyat Evi və “PAŞA Həyat”ın birgə təşkilatçılığı ilə “İRS” silsiləsindən növbəti nəşrin – “Daşları toplamaq vaxtıdır” adlı kitabın təqdimatı keçirilib. Kitab indiki Ermənistan ərazisində qalan Qərbi Azərbaycanın çoxəsrlik tarixinə, mədəni irsinə həsr olunub.
Dörd dildə – Azərbaycan, ingilis, rus və türk dillərində nəşr olunan kitab səkkiz fəsildən ibarətdir. Nəfis tərtibat və mükəmməl poliqrafiyada işıq üzü görən kitabda tarixi foto və illüstrasiyalarla yanaşı, yeni fotosənədlər – nəşrin hazırlanması dövründə “İRS” Nəşriyyat Evinin sifarişi ilə əcnəbi fotoqrafların Ermənistanda çəkdikləri və Qərbi Azərbaycan irsini əks etdirən şəkillər də yer alıb.
Layihənin rəhbəri “İRS” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlı təqdimatda çıxış edərək kitabın ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, Azərbaycanın tarixi-mədəni irsini dünyaya tanıtmağı qarşıya məqsəd qoyan “İRS” jurnalı 25 ildən çoxdur fəaliyyət göstərir və hazırda 20-dək dildə nəşr olunur.
Eyni zamanda, “İRS” silsiləsindən müxtəlif mövzularda 30-dək kitab işıq üzü görüb. “PAŞA Həyat” şirkətinin dəstəyi ilə nəşr olunan kitabların bir neçəsi Qarabağ mövzusuna həsr olunub. Bu kitab isə bütövlükdə Qərbi Azərbaycan haqqındadır. Kitabın adı da bir vaxtlar itirdiyimiz o torpaqlardakı irsimizi, abidələri, tarixi yaşadan daşları ilə yenidən bir araya gətirmək məramını ifadə edir.
"Bizim əsas məqsədimiz o torpaqları bir daha görməkdir. Biz ora gedə bilməsək də, fotoqraflarımız bu yerləri çəkə biliblər. “Daşları toplamaq vaxtıdır” adlı yeni kitab sadəcə nəşr deyil, genişmiqyaslı sənədli sübutdur. Kitabın əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri daha geniş oxucu kütləsinə çatdırmaq, bu torpaqların əsrlər boyu azərbaycanlıların yaşayış yeri olduğunu nümayiş etdirmək və bunu etibarlı faktlar, arxiv materialları və vizual sübutlar əsasında həyata keçirməkdir”, – deyə layihə rəhbəri əlavə edib.
Bildirib ki, həm tarixi, həm də nəşr üçün xüsusi hazırlanmış xəritələr kitabda xüsusi tutur. Onlar oxucuya ərazilərin transformasiyası, toponimlərin dəyişməsi prosesini izləməyə, həmçinin bu torpaqlarda azərbaycanlıların mövcudluğunun davamlılığını təsdiqləməyə imkan verir.
Musa Mərcanlı “İRS” nəşrlərinə dəstək verən “PAŞA Həyat” şirkətinə, kitabın ərsəyə gəlməsində töhfəsi olan Qərbi Azərbaycan İcmasına, bu işdə əməyi, rolu olan hər kəsə təşəkkürünü bildirib
“PAŞA Həyat” ASC-nin İdarə heyətinin sədri Ülviyyə Cabbarova çıxışında “İRS” Nəşriyyat Evi ilə 13 ilə yaxın davam edən əməkdaşlıqdan söz açıb. Bildirib ki, bu kitablar sıradan nəşr deyil. Onlar Azərbaycan mədəniyyətini, irsini dünyada yayır, tanıdır. O, “İRS” Nəşriyyat Evinin komandasına bundan sonrakı fəaliyyətində də uğurlar diləyib.
Təqdimat mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının Müşahidə şurasının sədri AMEA-nın müxbir üzvü Misir Mərdanov kitabın ona dərin təsir bağışladığını bildirib. “Mən əslən o yerlərdənəm. Uşaqlığım, gəncliyim orada keçib. Səhifələri vərəqlədikcə, sanki yenidən tanış küçələri gəzdim, doğma mənzərələr gördüm”, – deyə o, nəşrlə bağlı təəssüratını bölüşüb.
Kitabın elmi redaktorlarından tarix elmləri namizədi Səbuhi Əhmədov nəşr üzərində iş prosesi ilə bağlı maraqlı təfərrüatlardan bəhs edib. O, kitabın səkkiz fəslinin hər biri haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, toplanmış materialların həcmi o qədər genişdir ki, asanlıqla bir neçə cild ola bilərdi: “Biz ən vacib məqamları bir nəşrdə əks etdirməyə çalışdıq. Kitabda həm mühüm tarixi hadisələr, həm də Qərbi Azərbaycanın keçmişini əks etdirən qiymətli fotoşəkillər təqdim olunur”.
Qərbi Azərbaycan İcması Ziyalılar şurasının sədr müavini akademik Nizami Cəfərov da nəşrin əhəmiyyətindən bəhs edib: “Bu kitablar həm vizual, həm də elmi nöqteyi-nəzərindən mənə simfoniya kimi təsir edir. Belə nəşrlər incəsənət əsəridir və çox qiymətlidir”.
Təqdimat zamanı natiqlərin çıxışları xanəndə və instrumental heyətin ifasında tarixi yurd yerlərimiz – Zəngəzur, İrəvan motivli musiqi nömrələri ilə müşayiət olunub.
Vüqar Orxan