İyulun 4-də Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivala Türkiyədən və Çindən musiqi və rəqs qrupları, eləcə də Azərbaycanın musiqi kollektivləri, istedadlı ifaçılar qatılıb.

“Marxal” kompleksinin Yay teatrında keçirilən açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ənənəvi festivalın şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı xalqımıza xas olan zəngin tarixi, mədəni irsin təbliği və bölgənin turizm potensialının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəki gözəl təbiəti, tarixi memarlıq abidələri, özünəməxsus adət-ənənələri, nadir sənətkarlıq növləri, dadlı mətbəxi, eyni zamanda, sakinlərinin qonaqpərvərliyi ilə seçilir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu il iyulun 7-də isə Azərbaycanın və Şəkinin həyatında çox əlamətdar hadisə baş verib - Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə on dördüncü dəfə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının yenə musiqisevərləri öz ətrafına toplayaraq, şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.

İndiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən musiqi kollektivlərinin iştirak etdiyini xatırladan Firəngiz Əlizadə builki festivalın da proqramının zəngin olduğunu diqqətə çatdırıb: “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq”.

Şəki şəhəri ilə qardaşlaşmış Türkiyənin Berqama bələdiyyəsinin başçısı Tanju Çelik festivala dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib, festivalın işinə uğurlar arzulayıb, qardaşlaşmış hər iki şəhər arasında mədəniyyət və digər sahələrdə əlaqələrin daha da işkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Rəsmi hissədən sonra tamaşaçılara Türkiyənin Sivas Folklor Təhsil Mərkəzinin xalq musiqisi və rəqsləri ansamblının  konserti təqdim edilib.

Məlumat verilib ki, Sivas Folklor Təhsil Mərkəzi 1973-cü ildə fəaliyyətə başlayıb. Qurumun nəzdindəki xalq oyunları kurslarında təhsil alan rəqqaslar Türkiyədə keçirilən yarışmalarda müxtəlif dərəcəli mükafatlara layiq görülüb, mədəniyyət və incəsənət tədbirlərində uğurla çıxışlar ediblər. Mərkəz tərəfindən indiyədək xalq musiqisi sahəsində 10 kurs açılıb və ümumilikdə 121 tələbə yetişdirilib.

Kollektivin təqdim etdiyi xalq musiqisi, həmçinin “Halay”, “Horon”, “Zeybek”, “Bar”, “Kaşık”, “Karşılama” və digər türk xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.

Festival çərçivəsində iyulun 5-də Şəki Musiqi Kollecində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş kollecin müəllim və tələbələrinin, həmçinin gənc pianoçu Kamal Axundovun iştirakı ilə konsert olacaq.