Dövlət Uşaq Filarmoniyasında bir sıra ixtisaslar üzrə seçim-dinləmələr keçirilib.

Filarmoniyadan bildirilib ki, məqsəd yeni solistlərin istedadını önə çıxarmaqdır.

Dinləmələrdə 5-16 yaş arasında uşaq və yeniyetmələr iştirak edib. Paytaxtın musiqi və uşaq incəsənət məktəblərindən ümumilikdə 100-ə yaxın müraciət olub.

İştirakçıları Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə, Xalq artistləri Ağaverdi Paşayev (dirijor), Gülnaz İsmayılova (vokalçı), pianoçu, Əməkdar müəllim Kamilla Əmirova, dirijor Cavad Tağızadə, xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadənin yer aldığı münsiflər heyəti qiymətləndirib.

İki gün davam edən seçim turunun nəticələrinə əsasən seçilənlərin yeni tədris ilindən məşğələlərə başlaması nəzərdə tutulub.