“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik olunub.
Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonları üzrə tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən ümumilikdə 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən dövlət mühafizəsinə götürülən 550 tarixi abidənin inventarlaşdırması işləri yekunlaşdırılıb. Eyni zamanda, aparılan monitorinq nəticəsində sözügedən siyahıya daxil edilməyən 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyekt müəyyən edilərək yeni aşkar olunmuş abidə kimi qeydə alınıb.
Dövlət Xidmətindən verilən məlumata görə, inventarlaşdırılma işləri zamanı əksər abidələrin ermənilər tərəfindən vandalizmə məruz qaldığı, təhqir edildiyi, tövlə kimi istifadə olunduğu müəyyən olunub. 68 abidənin tamamilə dağıdıldığı, 114 abidənin müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qoyulduğu, digərlərinə isə müxtəlif dərəcədə ziyan vurulduğu faktlar sənədləşdirilib.
Qeyd edək ki, daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib.
Mövcud siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən nümunələrin dövlət mühafizəsinə götürülən abidələrin siyahısına daxil edilməsi üçün Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən həyata keçirilən işlər davam etdirilir.