İyulun 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2024/2025-ci tədris ilində bakalavriatura və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, müxtəlif ölkələrin Azərbaycandakı səfirləri və diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Gaurdeamus” tələbə himni səslənib.
ADU-nun rektoru akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “İnanıram ki, ADU-nun məzunları gələcək həyatlarında Vətəninə, dövlətinə, bayrağına, xalqına sədaqətlə, ləyaqətlə xidmət edəcək, öz bilik və bacarıqlarını ən yüksək səviyyədə göstərəcəklər”.
Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq: “Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetinizin adını həmişə ləyaqətlə ucaldacaqsınız. Hamınızı təbrik edirəm, bağrıma basıram. Xahiş edirəm, mənim və həmkarlarımın ən xoş arzularını evdə valideynlərinizə də söyləyin”.
Təhsili ən yüksək akademik göstəricilərlə başa vuran məzunlara "Fəxri məzun diplomu" və "Fəxri fərman"lar təqdim edilib.
Tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində universitetin, 1395 bakalavr və 305 magistr olmaqla, ümumilikdə 1702 tələbəsi məzun adını alıb.