“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı  keçirilib.

İyulun 3-də təşkil edilən tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov nəşrlə bağlı məlumat verib. Bildirib ki, ölkəmizin bu qədim diyarı haqqında ilk fundamental biblioqrafiya kitabı ərsəyə gətirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında 100 illik dövrü və 10 mindən artıq mənbəni əhatə edən biblioqrafik nəşrin Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti haqqında tədqiqat aparan hər kəs üçün vacib elmi mənbə rolunu oynayacağını deyib, bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli biblioqrafiyanın sanballı, mükəmməl və professional şəkildə hazırlandığını vurğulayıb. Bu kitabı Azərbaycan elminə və mədəniyyətinə dəyərli hədiyyə kimi qiymətləndirən akademik onun Milli Kitabxananın bu günədək nəşr etdiyi biblioqrafiyaların ən sanballısı və geniş əhatəlisi olduğunu xüsusi vurğulayıb.

Milli Məclisin deputatları Fazil Mustafa, Vüqar Rəhimzadə, Asif Əsgərov, Azərbaycanda Atatürk mərkəzinin direktoru akademik Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Mətbuat Şurasının sədri Rəşad Məcid, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri dosent Nadir İsmayılov və başqa çıxış edənlər Naxçıvanın Azərbaycanın qədim dövlətçilik tarixində mühüm rolundan ətraflı bəhs edib, “Naxçıvan. Biblioqrafiya” kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi dəyərindən söhbət açıblar. 

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası - 100” elektron məlumat bazasının təqdimatı olub.

Elektron toplu ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Naxçıvan MR-in yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada muxtar respublikanın tarixi, iqtisadiyyatı, kənd təsərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar əksini tapıb.