Tarixdəki olaylar

 

4 iyul 1776 – Amerika Birləşmiş Ştatlarının yaranması barədə “Müstəqillik Bəyannaməsi” qəbul olunub. Tomas Ceferson tərəfindən hazırlanan sənədə Britaniyanın Amerikadakı müstəmləkəsi olan 13 ştat imza atmışdı. Ştatların Filadelfiyada keçirilən II Kontinental Konqresində qəbul edilən “Müstəqillik Bəyannaməsi”ndə o vaxt Avropada hələ olmayan insan haqları və bərabərlik prinsipləri önə çəkilmişdi.

 

4 iyul 1797 – Qarabağ xanlığının mərkəzi Şuşada İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan az öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu. Türk (azərbaycanlı) əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi. Onun ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı. Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.

 

4 iyul 1946 –  Filippin müstəqil dövlət olub. Üç əsrə yaxın İspaniyanın müstəmləkəsi olmuş Filippin müstəqilliyini 1898-ci ildə (ABŞ-İspaniya müharibəsindən sonra) bəyan etmişdi, lakin sonra ABŞ-nin müstəmləkəsinə çevrilmişdi. 1934-cü ildə ABŞ Filippinə muxtariyyət vermişdi.

 

4 iyul 1992 – Azərbaycan Milli Ordusunun hissələri Dağlıq Qarabağın şimalında aparılan hərbi əməliyyat gedişində keçmiş muxtar vilayətin Mardakert (Ağdərə) rayon mərkəzini erməni hərbi birləşmələrindən azad ediblər. Lakin hərbi-strateji baxımdan darmacalda hazırlanıb həyata keçirilən əməliyyatın davamı gəlmədi. 1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu 1993-cü il fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi. 2023-cü ilin 19-20 sentyabr tarixindəki antiterror əməliyyatından sonra Ağdərə rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

4 iyul 1918 – Rus filosofu, kulturoloq, “Mədəniyyətlərin dialoqu” konsepsiyasının müəllifi Vladimir Bibler (1918–2000) anadan olub.

 

4 iyul 1927 – Amerika dramaturqu və ssenaristi Nil Saymon (Marvin Neil Simon; 1927–2018) anadan olub. “Qəribə cütlük”, “Parkda ayaqyalın” və s. komediyaları ilə məşhurlaşıb.

 

4 iyul 1927 – Dünyaşöhrətli italyan aktrisası Cina Lollobricida (Gina Lollobrigida; 1927 – 16.1.2023) anadan olub. Məşhur filmləri: “Fanfan-zanbaq”, “Gecə gözəlləri”, “Paris Notr-Dam kilsəsi” və s.

 

4 iyul 1928 – Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 – 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində doğulub. Maarif naziri, Ali Sovetin deputatı olub.

 

4 iyul 1948 – Əməkdar incəsənət xadimi, teatrşünas Rafiq Kərim oğlu Sadıqov (1948 – 22.2.2025) anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, dekan, prorektor olub.

 

4 iyul 2017 –  Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (2.11.1947 – 2025) vəfat edib. Gəncə teatrında, Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında və filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan