Tarixdəki olaylar

 

3 iyul 1700 – I Pyotrun Azov yürüşlərinin (1695–1696) nəticəsi ilə bağlı Rusiya ilə Osmanlı arasında sülh imzalanıb. İstanbulda imzalanan sazişə əsasən, Azov dənizi sahilindəki limanlarla birlikdə Rusiyanın nəzarətinə keçib. Osmanlı Dneprboyu ərazilər üzərində nəzarəti də itirib.

 

3 iyul 1962 – Fransanın müstəmləkəsi olan Əlcəzair müstəqillik əldə edib. XVI əsrin ortalarından Osmanlının hökmranlığında olan Əlcəzair 1830-cu ildən Fransanın nəzarətinə keçmişdi. 1954-cü ildə Əlcəzairdə müstəmləkəçilik əleyhinə savaş başlamışdı.

 

3 iyul 1988 – ABŞ hərbi gəmisindən açılan atəş nəticəsində “Iran Air” şirkətinə aid sərnişin təyyarəsi Bəsrə körfəzinə düşüb. Təyyarədə olan 290 nəfər həlak olub.

 

3 iyul 1994 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında hərəkətdə olan qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

 

3 iyul 2013 – Misirdə hərbi çevriliş olub. Əbdülfəttah əs-Sisinin komandanlığı altındakı Misir Silahlı Qüvvələri hakimiyyəti ələ alıb. Prezident Məhəmməd Mursi devrilib. 2014-cü ildə keçirilən seçkilərdə Əbdülfəttah əs-Sisi Misirin Prezidenti seçildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 iyul 1883 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

 

3 iyul 1908 – Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908 – 7.6.1998) anadan olub.

 

3 iyul 1924 – Rus yazıçısı Vladimir Osipoviç Boqomolov (1924 – 30.12.2003) anadan olub. “Həqiqət anı” (“44-cü ilin avqustunda”), “Zosya” (romanlar) və digər əsərləri əsasında filmlər çəkilib.

 

3 iyul 1940 – Xalq artisti, pianoçu Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 – 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər Universitetinin (Türkiyə) Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

 

3 iyul 2000 – Aşıq Xaspolad Gülablı (Xaspolad Salman oğlu Mirzalıyev; 1919–2000) vəfat edib.

Hazırladı: Vüqar Orxan