Tarixdəki olaylar
1 iyul 1867 – Kanada dövlətinin yarandığı elan edilib. O vaxtadək Kanada ingilislərin tam müstəmləkəsi idi. Böyük Britaniya Parlamentinin qəbul etdiyi qanuna əsasən, Kanada dominion (Britaniya Kralının general-qubernator təyin etdiyi, amma faktiki müstəqil) dövlət statusu aldı. Kanadanın həmin vaxt 4 vilayəti vardı və ərazisi indikinin üçdəbiri qədər idi.
1 iyul 1903 – Bakıda ilk ümumi siyasi tətili keçirilib. Əsasən neft sənayesini əhatə edən tətilin tələbləri fəhlələrin iş şəraiti, əməkhaqqının artırılması ilə bağlı idi. İyulun 22-dək sürən tətil Bakıda sol təmayüllü (bolşevik) təbliğatın tədricən təşəkkül tapdığını göstərirdi.
1 iyul 1996 – Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlər qurulub.
1 iyul 1998 – Azərbaycan Respublikası ilə Tunis arasında diplomatik əlaqələr yaradılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
1 iyul 1646 – Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646 – 14.11.1716) anadan olub.
1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (George Sand, əsl adı Amandina Avrora Düpen – Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804 – 8.6.1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.
1 iyul 1893 – Tanınmış heykəltaraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq rəssamı Pinxos (Pyotr) Vladimiroviç Sabsay (1893 – 25.4.1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin, əmək qəhrəmanları və mədəniyyət xadimlərinin heykəl və büstlərinin müəllifidir.
1 iyul 1902 – Amerika rejissoru Vilyam Vayler (William Wyler; 1902 – 27.7.1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.
1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909 – 13.4.1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.
1 iyul 1925 – Ədəbiyyatşünas alim, professor Pənah İmran oğlu Xəlilov (1925 – 16.8.2019) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. “Azərbaycan sovet ədəbiyyatı tarixi” üçcildliyinin həmmüəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
1 iyul 1937 – Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Adil oğlu Rüstəmov (1937 – 9.2.2018) Gədəbəy rayonunun Gərgər kəndində doğulub. Gədəbəydə ilk aşıq ansamblını yaradıb, müxtəlif festivallarda respublikamızı təmsil edib.
1 iyul 1948 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Alxan oğlu Əliyev (1948 – 16.3.2025) Şamaxıda anadan olub. ADPU, ADMİU və Rəssamlıq Akademiyasında incəsənət tarixindən dərs deyib. Onlarla kitabın müəllifi, üç cilddə “Azərbaycan incəsənəti ensiklopediyası”nın həmmüəllifidir.
Hazırladı: Vüqar Orxan