İyunun 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) yaranmasının 91-ci ildönümü tamam olub.
Bu münasibətilə ABİ-də gənc bəstəkarların yaradıcılığına həsr olunmuş kamera musiqisi konserti keçirilib.
ABİ-nin katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova çıxış edərək konsertin belə bir əlamətdar gündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Təşkilat şərəfli yol keçib. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi (1948) dahi Üzeyir Hacıbəyli rəhbərlik edib. O dövrdən başlayaraq ABİ-də gənc bəstəkarların yaradıcılığına dəstək göstərilməsi bir ənənə halını alıb.
Konsert proqramında İlahə Qismətin “Rəngli lövhələr”, Üzeyir Məmmədovun "Fleyta üçün sonata", Elvin Quliyevin “Düymələr”– piano silsiləsindən 5 pyes, Tural Məmmədzadənin "Trio" (violin, violonçel və piano üçün), Aydan Əliyevanın “Hadisələr” – nəfəsli sekstet üçün sonatina, Tahir İbişovun “Novella” (violin və piano üçün) , Tural Məmmədlinin "Kompozisiya – 11/8" (piano və zərb alətləri üçün) əsərləri səslənib.
Konsertin sonunda ABİ-nin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə gənclərə yaradıcılıq axtarışlarında və təcrübələrində daha cəsarətli olmağı arzulayıb.
Konsertin aparıcısı ittifaqın baş məsləhətçisi Sevda Hüseynova olub.