Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə dair şərhində deyib.
XİN rəsmisi bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.
"Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda, mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır. Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin “Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı” barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.
Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir", – deyə XİN rəsmisi əlavə edib.
***
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub.
Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı olan “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-in məlumatını şərh edərkən bildirib.
Qeyd edilib ki, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib.
"Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib.
Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.
Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.
“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur.
Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib.
Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb.
Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib", - Ayxan Hacızadə qeyd edib.