Milli Kitabxanada tanınmış kitabxanaşünas alim, tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
Sərgilərdə professor Xəlil İsmayılovun monoqrafiyaları, dərs vəsaitləri, elmi redaktoru və rəyçisi olduğu kitablar, həyat və yaradıcılıq yolu haqqında ədəbiyyatlar, dövri mətbuatda və elmi məcmuələrdə dərc edilən məqalələri nümayiş olunur.
“Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı virtual sərgiyə kitabxananın saytında baxmaq olar.
Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci il iyulun 1-də Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. 1972-ci ildə ADU-nun (indiki BDU) Kitabxanaçılıq fakültəsini bitirib. Kitabxanaşünaslıq kafedrasının aspirantı olub. 1979-2004-cü illərdə kafedrada, baş müəllim, dosent vəzifələrin çalışıb.
1984-cü ildə “Azərbaycanda Sovet hakimiyyəti illərində partiya kitabxanaları” mövzusunda namizədlik (fəlsəfə doktoru), 2004-cü ildə “Azərbaycan Respublikasında kitabxanaların metodik təminat sistemi: 1918-2000-ci illər” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
1990-1993-cü illərdə BDU-nun Kitabxanaçılıq kafedrasının müdiri, 1993-2012-ci illərdə kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı, 2007-ci ildən 2019-cu ilə kimi Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri vəzifəsində çalışıb.
1997-ci ildən nəşr olunan ixtisas məcmuəsinin - “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və baş redaktordur.
"Kitabxana işinin idarə edilməsinin təşkilati-metodik məsələləri", "Kitabxana menecmentinin əsasları", "Kitabxana informasiya texnologiyaları", "Azərbaycan Respublikasında kitabxanaların metodik təminat sisteminin inkişaf tarixi: (1918-2000)" və s. kitabların müəllifidir. 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. Ali Attestasiya Komissiyasının AMEA-nın Tarix və Etnoqrafiya İnstitutu nəzdindəki Dissertasiya Şurasının üzvüdür.