Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat veriblər.

Bildirilib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Dəmir yolu xətti boyunca 3 stansiyanın – Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.

Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunmuşdu. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənmişdi. Qarabağ münaqişəsi dövründə erməni separatçıları bölgədəki dəmir yolu infrastrukturunu dağıtmışdılar...

***

İyulun 3-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında da iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov görülmüş işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, mövcud Füzuli-Şuşa yolunun (Zəfər yolu) uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.