Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə səfəri çərçivəsində iyulun 2-də ona Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə AzTU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək bildirib ki, bugünkü təqdimat mərasimi təkcə təntənəli bir protokol tədbiri deyil, həm də gənclər, tələbələr və gələcək nəsillər üçün böyük mənəvi dəyər daşıyan bir hadisədir. Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışan rektor onun qardaş xalqların bir-birinə daha da yaxınlaşması istiqamətində fəaliyyətini xüsusi vurğulayıb.

AzTU-nun hər zaman ortaq dəyərlərə böyük önəm verən ali təhsil müəssisəsi olduğunu xatırladan rektor deyib ki, bura təkcə mühəndis kadrları hazırlayan bir universitet deyil, eyni zamanda, innovasiyaların, tədqiqatların və ən əsası – vətənpərvər, bilikli və məsuliyyətli gənclərin yetişdirildiyi elm və tədris mərkəzidir. Bu mənada Prezident Ersin Tatara AzTU-nun Fəxri doktoru adının verilməsi məntiqidir və tarixi bir qərardır.

AzTU-nun elmi katibi Vəfa Rzayeva universitetin Elmi şurasının 2025-ci il iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub.

Rektor Vilayət Vəliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomunu təqdim edib.

Ersin Tatar bu mötəbər diplomu alması ilə bağlı təşəkkürünü bildirib. O, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan arasında inkişaf edən münasibətlərindən danışıb. Bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri və dəstəyini xüsusi vurğulayan Ersin Tatar bir daha Azərbaycan dövlətinə, Prezidentinə və xalqına təşəkkürünü bildirib. Ersin Tatar bundan sonra da Türk dünyasının həmrəyliyi istiqamətlərində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Ersin Tatar təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, türk dövlətləri bir olmalı, həmçinin sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidirlər.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti iyulun 3-də İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşünə qatılacağını bildirərək deyib: “Zirvə görüşündə bu təşkilata üzv ölkələr ilə başda turizm, ali təhsil və ticarətin inkişafı olmaqla, müxtəlif istiqamətlərdə əlaqələr quracağıq”.

***

Mərasimdən sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar AzTU-nun Kitabxana informasiya mərkəzi ilə tanış olub.

Mərkəzin direktoru Xəyalə Hacıyeva bildirib ki, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, bp şirkəti və AzTU-nun dəstəyi ilə qurulan kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərə bilir. Mərkəzdə elmi-mədəni irsin mühafizəsi və istifadəsini təmin edən repozitoriya yaradılıb və kitabxananın elektron xidmətlərinin inteqrasiya olunduğu veb-sayt hazırlanıb. Mərkəz özünəxidmət sistemi ilə təchiz edilib. Elektron köşklər oxuculara fiziki resurs kolleksiyasında olan resursun mövcudluq vəziyyətini təyin etməyə, özünəxidmət texnologiyası isə materialların istifadəçilər tərəfindən hesablarına daxil olmaqla sərbəst istifadəsini təmin edir. Kitabxana istifadəçilər üçün printer və skaner avadanlıqları ilə də təchiz olunub.