Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə iyunun 24-də “Azərbaycan” CineMastercard-da Pərviz Həsənovun “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin nümayişi olub. 

Tədbiri giriş sözü ilə kinotənqidçi, moderator Sevda Sultanova açaraq filmin tarixi əhəmiyyətini diqqətə çatdırıb: “Təəssüf ki, Qarabağ müharibəsi ilə bağlı çəkilən bədii, sənədli filmlərin böyük qismi keyfiyyətli sayıla bilməz. Pərviz Həsənovun bu filmi yaxşı mənada ona görə seçilir ki, rejissor mühüm tarixi faktlara yaradıcı yanaşma tapıb”.     

Filmin nümayişindən sonra səhnəyə yaradıcı heyət dəvət olunub.

Rejissor Pərviz Həsənov bildirib ki, belə bir hekayənin baş verdiyini ona aktyor, ssenarist Azər Aydəmir danışıb: “Azər mənə dedi ki, sənin belə hekayələrə marağın var. Ondan sonra bu hadisəni araşdırdım və bu hadisələr barədə “Qanlı kaha” adlı kitab yazmış Elxan Salahov görüşdüm. Müəllif kəlbəcərlidir, Başlıbeldəndir. Əvvəl düşündüm ki, bəlkə kitab təxəyyülün məhsuludur. Sonra hadisəni araşdırandan sonra başa düşdüm ki, hələ az yazıb. Elxan müəllim kitabı filmə çevirməyə əvvəlcə razı olmadı. Arqumenti də bu idi ki, əvvəl də mənimlə görüşüblər, ortaya bir şey çıxmayıb. Nəsə, mənə inandı”.

Filmin ssenari müəlliflərindən Elxan Salahov əlavə edib ki, bundan əvvəl də film çəkilmək təklifi olub: “Bir neçə rejissorla bir neçə ay müzakirə getdi. Əsas məsələ yay və qış mövsümü çəkilişləri, bir də maliyyə idi. Nəticədə AzTV-nin rəhbərliyinə tapşırıldı və bu film çəkldi”.

Filmin çəkiliş prosesindən danışan Pərviz Həsənov qeyd edib ki, proses iki ilə yaxın çəkilb: "Başlıbel əhvalatının qəhrəmanları müxtəlif bölgələrdə məskunlaşıblar. Məsələn, iki ailə Bərdədə, on ailə Gəncədə idi. Bir ailə Ağcabədidədir. Şəmkirdə, Mingəçevirdə, Goranboyda da olan ailələr vardı. Bu ailələri tapmaq böyük vaxt tələb edirdi. Aztelefilmdən məni bu rayonlara başqa film üçün ezamiyyətə göndərirdilər. Çəkilişlərimi bitirəndən sonra həmin ailələri tapırdım. Beləcə, iki il ərzində şahidləri tapdım. Əhvalatı tam öyrəndim. Mənim üçün əsas o idi ki, filmdə bütün şahidləri görüm. Başlıbel faciəsi ilə bağlı indiyədək verilişlər, süjetlər, filmlər var. Amma onların hamısında Bakıda məskunlaşan ailələr yer alıb. Bu da ona görədir ki, Bakı çəkiliş üçün rahatdır. Kəlbəcərə gedəndə də, ən yaxın kahaya gedirlər. Kimsə özünə əziyyət verməyib ki, digər kahalara da getsin. Axı onlar bir yox, müxtəlif kahalarda qalıblar. Birində döyüş olub, digərinə keçiblər. Biz isə hamısını çəkdik. Ona görə vaxt uzandı. Bəzi ailələr isə danışmaq istəmirdilər. Bu onlar üçün həssas mövzudur.  Ən çətin çəkilişlərdən biri Ağcabədinin bir kəndində yaşayan, bu hadisələrə görə ruhi xəstəlik tapmış bacı-qardaş olub. Ümumiyyətlə, çəkilişlərə tam hazırlıqlı gedirdim. Başlıbel faciəsi haqda o qədər məlumat toplamışdım ki, nəyi çəkəcəyimi bilirdim...”.

Elxan Salahov onu da qeyd edib k, ən həssas çəkilişlərdən biri Ağcabədidə Laləzar xanımı danışdırmaq oldu: “Bu ailədə ata həlak olub. Bir qardaş və bacı psixoloji xəstədir. Ailə üzvlərindən yeganə sağlam düşünən Laləzar xanımdır, filmdən də göründüyü kimi onun üçün danışmaq nə qədər ağrılıdır. Ona görə ailəsi də onun efirdə çox görünməyini istəmir”.

Kinotənqdiçiər Sədaqət Kamal, Aygün Aslanlı da filmlə bağlı fikirlərini bölüşüblər. Filmin standart üslubda deyil, maraqlı çəkildiyi, həm rejissor, həm də operator işinin uğurlu olduğu vurğulanıb.

Başlıbel kəndinin sakini, iqtisad elmləri doktoru Adil Əsədov çıxışında deyib: “Doğrudan da, elə hadisələr var ki, onları yaşamaq bir tərəfə, danışmaq belə çətindir. Bu qəhrəmanlara bir daha təşəkkür edirəm ki, o hadisələri təkrar yaşayıb, danışdılar. Çox şükür ki, Zəfər sevincini yaşadıq. Çəkiliş heyətinə də təşəkkür edirəm ki, Kəlbəcərdəki o çətin yolları qalxaraq filmi çəkiblər.      

Qeyd edək ki, “Başlıbel – bir kəndin mühasirə gündəliyi” sənədli filmi “Azərbaycantelefilm”in istehsalıdır, layihə rəhbəri Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Salahov, Pərviz Həsənov, quruluşçu operator Elxan Rüstəmov, operatorlar Cavid Əliyev, Elşən Bədəlov, bəstəkar Azər Hacıəsgərlidir.