Tarixdəki olaylar
30 iyun 1625 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623–1639) gedişində I Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb. Gürcüstan uğrunda mübarizə aparan Osmanlı qoşunları bölgəni tərk edib. 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsinə görə, Osmanlı dövləti Cənubi Qafqazın Səfəvilərin hökmranlığı altında olmasını qəbul etdi.
30 iyun 1934 – Azərbaycan Bəstəkarlar İttifaqı təsis edilib. Əslən Krım tatarı olan, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.
30 iyun 1993 – Milli Məclis Prezident səlahiyyətlərinin icra edən Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib. Bu təyinat 4 iyun Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı aradan qaldırmaq, Surət Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün zəruri addım idi. Surət Hüseynov bu vəzifədə 1 il 3 ay işlədi. 1994-cü il 3-4 oktyabrında ölkədə mütləq hakimiyyəti mənimsəmək iddiası ilə cəhd etdiyi dövlət çevrilişinin iflasından sonra vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra ölkəni tərk etdi. Lakin bir qədər sonra Rusiyada həbs edilərək respublikaya gətirildi və məhkum edildi. 2005-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə əfv olundu. 2023-cü ildə vəfat etdi.
30 iyun 1998 – Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını qəbul edib. Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanan Naxçıvan MR-in Əsas Qanunu, qanunvericiliyə uyğun olaraq, Milli Məclisdə mütləq səs çoxluğu ilə (124 deputatdan 95 səs lehinə) təsdiqlənib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
30 iyun 1812 (yeni təqvimlə 12 iyul) – Azərbaycanın mütəfəkkir yazıçısı, böyük dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyanın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
30 iyun 1911 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz; 1911 – 14.8.2004) anadan olub.
30 iyun 1918 – Amerika aktrisası, “Oskar” mükafatçısı Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918 – 14.3.1975) anadan olub.
30 iyun 2024 – Əməkdar artist, tarzən, pedaqoq Səbuhi Aslan oğlu Cəfərov (1968–2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan