Aprelin 15-də Bakı Slavyan Universitetində (BSU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın (1923–1985) vəfatının ildönümünə həsr olunmuş “Nur saçan ömür” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Zərifə Əliyevanın ömür yolu və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
BSU-nun rektoru Anar Nağıyev giriş sözündə akademik Zərifə Əliyevanın Azərbaycan ictimai-siyasi, elmi və təhsil həyatının ən görkəmli simalarından biri olduğunu vurğulayıb, onun respublikamızda tibb elminin inkişafında müstəsna xidmətlər göstərdiyini bildirib.
Milli Məclisinin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə akademik Zərifə Əliyevanın şərəfli həyat yolundan, elmi fəaliyyətindən və Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edib.
BSU-nun Magistratura və Doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadənin moderatorluğu ilə davam edən dəyirmi masada universitetin elm və innovasiya üzrə prorektoru dosent Nailə Xəndan, Regionşünaslıq kafedrasının müdiri İbrahim Quliyev, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının baş müəllimi Səyalı İbrahimova və digər çıxış edənlər akademik Zərifə Əliyevanın elmi irsi, peşəkar fəaliyyəti və gənc nəsil üçün örnək olan həyat yolu barədə söz açıblar.