
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında danimarkalı yazıçı Hans Kristian (Christian) Andersenin (1805–1875) "Düyməcik" əsəri səhnələşdirilib.
Teatrdan verilən məlumata görə, premyera bu həftəsonu – 19-20 aprel tarixlərində keçiriləcək. Tamaşa yazıçının 220 illiyinə həsr olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
"Düyməcik"də rolları aktyorlar Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gülbəniz Lətifova ifa edirlər.
Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl insanlara həyatda baş verən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.