Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşasının premyerası keçirilib. Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşasıdır.
Teatrdan bildirilib ki, premyerada Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Teatr Xadimləri İttifaqının sədr müavini Əməkdar artist Azad Şükürov çıxış edərək Firəngiz Mütəllimovanın səhnə fəaliyyətindən söz açıblar.
Xalq artistinə Akademik Milli Dram Teatrının "Yubiley" mükafatı və Teatr Xadimləri İttifaqının "Teatr xadimi" medalı təqdim olunub.
Firəngiz Mütəllimova sənətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Xanımbacı Həsənovadır.
Tamaşada Xalq artistləri Firəngiz Mütəllimova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Cəbrayılov, Rövşən Kərimduxt, aktyorlar Elçin Nurəliyev, Natiq Fərzəliyev, Ramin Şıxəliyev, Rada Nəsibova, Məhsəti Tahirzadə, Firuzə Balayeva, Afət Məmmədova, Muhuma Sahov və Tural İbrahimov çıxış edirlər.
"Varlı qadın" tamaşası böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığı haqqındadır. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər, həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar.