Azərbaycan Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin (1945–1986) anadan olmasının 80 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin açılışı olub.
Xatirə gecəsini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Səməndər Rzayevin çoxşaxəli yaradıcılıq yolu haqqında məlumat verib, onun teatr və kino fəaliyyəti ilə yanaşı, dublyaj sahəsində də şöhrət qazandığını qeyd edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev görkəmli aktyorla birlikdə keçən gənclik illərini xatırladıb, onunla ilk dəfə “Nəsimi” filmində tərəf-müqabil olduğunu bildirib.
Xalq artistləri Şəfiqə Məmmədova, Rafiq Əzimov, Tariyel Qasımov, sənətşünaslıq doktoru professor İlham Rəhimli tanınmış aktyor haqqında xatirələrini bölüşüblər.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın kino yaradıcılığı haqqında danışıb.
Sonda sənətkarın ailə üzvləri adından qızı Rübabə Səməndər çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Tədbir boyu sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və aktyorun çəkildiyi, dublyaj etdiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.