Tarixdəki olaylar
16 aprel 1906 – Bakıda "Dəbistan" maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elmi-texniki yeniliklər dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.
16 aprel 2003 – İstanbuldakı Yunan-Pravoslav Kilsəsinin (Bizans dövründə dünya pravoslavlığının mərkəzi) rəhbəri patriarx I Varfolomey Azərbaycana ilk dəfə səfər edib. O, Prezident Heydər Əliyevlə görüşdə Azərbaycandakı dini tolerantlıqla bağlı şəraitə heyran olduğunu bildirib. Dini lider Ermənistanın hərbi təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərə də baş çəkib.
16 aprel 2004 – Praqada (Çexiya) ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Bunun ardınca iki ölkə XİN başçılarının Praqada daha bir neçə görüşü olub. Bu görüşlərdən sonra Qarabağ danışıqlarında yeni mərhələ sayılan “Praqa prosesi” start götürüb. Amma bu prosesin də, əvvəlkilər kimi, heç bir nəticəsi olmayıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 aprel 1844 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France – François-Anatole Thibault; 1844 – 12.10.1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
16 aprel 1889 – Məşhur ingilis aktyoru, rejissor Çarli Çaplin (Charles Spencer Chaplin; 1889 – 25.12.1977) Londonda doğulub. 1910–1940-cı illərdə ABŞ-də yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb.
16 aprel 1913 – Əməkdar artist Kərim Xankişi oğlu Sultanov (1913 – 5.9.1975) Tovuz rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.
16 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 – 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri - Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.
16 aprel 1924 – İtalyan əsilli Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini; 1924 – 14.6.1994) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.
16 aprel 1934 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Gəl, qohum olaq”, “Amerikalı kürəkən”), simfonik əsərlər, mahnılar (“Oxu, tar!”, “Dalğalar”, “Bayram axşamları” və s.), “Alma almaya bənzər”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.
16 aprel 2020 – Xalq artist Rafiq Hacıbaba oğlu Əliyev (14.11.1949 – 2020) vəfat edib. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə çəkilib.
16 aprel 2021 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (18.1.1941 – 2021) vəfat edib. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib.
Hazırladı: Vüqar Orxan