Tarixdəki olaylar

 

20 aprel  1992 – Azərbaycanla Estoniya arasında diplomatik əlaqələr yaradılıb.

 

20 aprel  1997 – Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. “Kitabi Dədə Qorqud”un yubileyi 2000-ci ilin aprelində türkdilli ölkələrin və UNESCO-un iştirakı ilə qeyd edildi.

 

20 aprel 2004 – Azərbaycanla Paraqvay arasında diplomatik münasibətlər qurulub.

 

20 aprel 2018 –Prezident İlham Əliyev “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 aprel 1894 – Xalq artisti Rza Abbasqulu oğlu Təhmasib (1894 – 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Səbuhi”, “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” və s. filmlərin rejissorudur. Akademik Dram Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.

 

20 aprel 1906 – Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva (1906 – 3.12.1953) anadan olub. Cümhuriyyətin qurucularından Həsən bəy Ağayevin qızıdır.

 

20 aprel 1907 – Xalq şairi Məmməd Rahim (Məmməd Rahim Abbas oğlu Hüseynov; 1907 – 6.5.1977) anadan olub. “Leninqrad göylərində”, “Abşeron torpağında”, “Natəvan” poemalarının, “Xaqani” mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

 

20 aprel 1916 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Cahangir qızı Zeynalova (1916 – 10.3.2004) Bakıda anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qanun naminə”, “Qayınana”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

20 aprel 1920 – Əməkdar incəsənət xadimi Əşrəf Hacı oğlu Quliyev (1920–1994) Bakıda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor, Akademik Milli Dram Teatrında rejissor işləyib, Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri olub.

 

20 aprel 1920 – Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 – 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən “Gözəllər gözəli”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.

 

20 aprel 1926 – Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926–2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.

 

20 aprel 1927 – Rus aktyoru Pavel Borisoviç Luspekayev (1927–1970) anadan olub. Ömrünün son illərində ayaq barmaqları amputasiya olunsa da, “Səhranın bəyaz günəşi” filmində çəkilib.

 

20 aprel 1929 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynov (1929 – 9.1.2024) Bakıda anadan olub. “Fətəli fəthi”, “Doktor N” və s. romanların müəllifidir. 50-ci illərdən Moskvada yaşayıb, Moskva Dövlət Universitetinin professoru olub. 2014-cü ildən İsrailə köçüb, orada vəfat edib.

 

20 aprel 1937 – Türk teatr rejissoru, aktyor, yazıçı-dramaturq, tərcüməçi (alman ədəbiyyatından)  Yılmaz Onay (1937 – 9.1.2018) Qaziantepdə doğulub.

 

20 aprel 1944 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861–1944) vəfat edib.

 

20 aprel 2024 – Əməkdar artist, müğənni Cavanşir İrşad oğlu Məmmədov (15.3.1954 – 2024) vəfat edib.

 Hazırladı: Vüqar Orxan