Tarixdəki olaylar
14 aprel 1865 – ABŞ-də Vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi, 1861–1865) gedişində Prezident Avraam Linkolna sui-qəsd olub. Linkoln teatrda olarkən “cənublu”ların nümayəndəsi ona atəş açmışdı. Prezident qətlə yetirilsə də, Vətəndaş müharibəsi Şimalın xeyrinə başa çatdı.
14 aprel 1912 – Dünyanın o zaman üçün ən böyük gəmisi olan “Titanik” çıxdığı ilk reys (Sautgempton – Nyu-York) zamanı Atlantik okeanının şimalında nəhəng aysberqlə toqquşaraq batıb. İngiltərədən ABŞ-yə hərəkət edən gəmidə (rəsmi qeydiyyata görə) 2200 nəfər vardı. Onlardan 1500 nəfər həlak olmuşdu.
14 aprel 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabineti Nəsib bəy Yusifbəylinin başçılığı ilə təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibi olan yeni kabinetdə “Müsavat”la yanaşı, “Əhrar”, sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir (“Daşnaksütyun”) də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökumət əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü (1919-cu ilin dekabrınadək) oldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 aprel 1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920–1922) olub.
14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
14 aprel 1926 – Türkiyəli bəstəkar və müğənni Arif Sami Toker (1926 – 27.4.1997) anadan olub.
14 aprel 1930 – Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930–1996) anadan olub. Rejissorun “Bu şirin söz – azadlıq” filmində azərbaycanlı aktyorlar da çəkilib.
14 aprel 1952 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952 – 20.11.1991) Qazax rayonunda doğulub.
14 aprel 1970 – Əməkdar artist Qaflan Məmmədrza oğlu Muradov (1890–1970) vəfat edib. Ağdam, Füzuli dram teatrlarının aktyoru olub.
Hazırladı: Vüqar Orxan