Tarixdəki olaylar
13 aprel 1870 – Dünyanın ən böyük və məşhur muzeylərindən olan Metropolitan İncəsənət Muzeyi (Metropolitan Museum of Art – The Met) Nyu-Yorkda fəaliyyətə başlayıb.
13 aprel 1919 – Hindistanın Pəncab vilayətinin Amritsar şəhərində ingilis hərbi komandanlıq tərəfindən yerli əhaliyə qarşı kütləvi qırğın törədilib. İngilis hökmranlığının qanunla sərtləşdirilməsinə etiraz olaraq hindlilər tərəfindən beş britaniyalının öldürülməsinə cavab olaraq şəhərdə etirazçı kütlələr atəşə tutulub. Qirğında, rəsmi rəqəmlərə görə, 379 hindli öldürülüb, 1200 nəfər yaralanıb.
13 aprel 1994 – Erməni terrorçuları Azərbaycana qarşı daha bir aksiya həyata keçiriblər. Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.
13 aprel 2004 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycanla Türkiyə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi və digər sənədlər imzalanıb. İlham Əliyevə Bilkənd Universitetinin (Ankara) "Fəxri doktoru" adı təqdim edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
13 aprel 1883 – Rus bəstəkarı və dirijoru Aleksandr Aleksandrov (1883–1946) anadan olub. Keçmiş SSRİ-nin himninin musiqisinin, vətənpərvərlik mahnılarının (“Müqəddəs müharibə” və s.) müəllifidir.
13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1969) Semuel Bekket (Samuel Beckett; 1906 – 22.12.1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.
13 aprel 1914 – Türk şairi Orxan Vəli (Orhan Veli Kanık; 1914 – 14.11.1950) İstanbulda doğulub. Əruz və heca vəznində şeiriyyatı rədd edən “Garip” ədəbi cərəyanının qurucularından sayılır.
13 aprel 1909 – Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (1909 – 12.9.1960) Gəncədə doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.
13 aprel 1917 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1917 – 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.
13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Həmdulla qızı Abdullayeva (1922 – 11.6.2009) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.
13 aprel 1929 – Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 – 30.10.1992) Naxçıvan şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan