Tarixdəki olaylar

 

12 aprel 1803 – Tiflisdə Car-Balakən bölgəsinin Rusiya imperiyasının tərkibinə qatılması şərtləri və “Andlı öhdəlik haqqında” saziş imzalanıb. Bundan əvvəl (1801) Şəmşəddil və Borçalı mahalları Rusiyaya ilhaq edilmişdi. Car-Balakənin ələ keçirilməsi ilə  Azərbaycan torpaqlarının istilası genişləndi. Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan onu ləğv etdi.

  

12 aprel 1861 – ABŞ-də vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başlayıb. Sənaye baxımından inkişaf etmiş şimal ştatları ilə aqrar cənub ştatları arasında müharibənin iqtisadi səbəbləri ilə yanaşı, mühüm siyasi səbəbi də vardı. Şimal ştatları quldarlığın ləğvinə tərəfdar idilər. Cənub ştatları quldarlıq sistemini saxlamağı zəruri sayırdılar. Müharibəyə formal səbəb isə ABŞ-nin 34 ştatından 11-nin (cənublular) ayrılaraq Quldarlıq Ştatları Konfederasiyası elan etməsi olmuşdu. Dörd il sürən müharibə Şimalın Cənub üzərində qələbəsi ilə (1865) başa çatdı.

 

12 aprel 1961 – İnsanın kosmosa ilk uçuşu baş verib. SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarin “Vostok” kosmik gəmisində 108 dəqiqə ərzində Yer planetinin ətrafına fırlanaraq geri qayıdıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

12 aprel 1823 – Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.

 

12 aprel 1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 – 1.11.1965) Füzuli rayonunun Horadiz kəndində (o vaxt Şuşa qəzasının tərkibinə daxil idi) anadan olub. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

 

12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 – 5.10.1982) anadan olub. Azərbaycan dastan və nağıllarının toplanması və tədqiqində mühüm xidmətləri var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.

 

12 aprel 1912 – Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 – 3.12.1996) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

 

12 aprel 1928 – Gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 – 12.4.1997) anadan olub.

 

12 aprel 1933 – İspan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe; 1933 – 6.10.2018) anadan olub.

 

12 aprel 2013 – Görkəmli aktyor, Azərbaycanın Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 13.3.1927 – 2013) vəfat edib. Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

12 aprel 2024 – Sumqayıt Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Namis Xanmirzə oğlu Şirməmmədov (3.4.1962 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan