Avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq Con Varney Azərbaycan musiqisinin də vurğunudur. Ölkəmizə ilk dəfə 2018-ci ildə gələn musiqiçi bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Səxavət Məmmədovdan tar ifaçılığı üzrə fərdi dərs alıb. Tarda bir sıra muğam və xalq mahnılarımızı ifa edir. Musiqiçi Avstraliyada azərbaycanlı diasporunun təşkil etdiyi tədbirlərə də qatılır.

Bu günlərdə Con Varney yenidən Bakıya gəlib.

Aprelin 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq Con Varney ilə görüş keçirilib.

Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva Con Varneyin yaradıcılıq yolu haqqında məlumat verib.

Qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb, fəaliyyəti, yaradıcılıq planları haqqında danışıb.

Tədbirin bədii hissəsində “Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi” adlı konsert proqramı təqdim olunub.

Proqramda Con Varney pianoçu Nərmin İsgəndərovanın müşayiəti ilə ilk dəfə kontrabasda Tofiq Quliyevin, Tofiq Bakıxanovun, eləcə də qazax, gürcü, fars bəstəkarlarının əsərlərinin işləmələrini ifa edib.

Sonda qonağın tarda "Bayatı-Şiraz" muğamından parça və "Küçələrə su səpmişəm" xalq mahnısını ifa etməsi hərarətli alqışlarla qarşılanıb.