Tarixdəki olaylar

 

11 aprel 1635 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623–1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar. Qala 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603–1612) zamanı I Şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgün xan Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçdi. 1827-ci ildə İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edildi.

 

11 aprel 1920 – İstanbuldakı işğalçı qüvvələrin təzyiqi ilə Osmanlı dövlətinin parlamenti – Meclis-i Mebusan fəaliyyətini dayandırıb. 1918-ci ilin 30 oktyabrında Osmanlının I Dünya müharibəsinin qalib tərəfi olan Antanta (Britaniya, Fransa, ABŞ) ilə imzaladığı Mudros sülh sazişinə əsasən, paytaxt İstanbul müttəfiq güclərin nəzarətinə keçmişdi. İki palatadan ibarət Meclis-i Mebusan 23 dekabr 1876-cı il tarixli Anayasa (Kânûn-ı Esâsî) əsasında 1877-ci ildə fəaliyyətə başlamışdı. Məclisə son seçkilər 1919-cu ildə keçirilmişdi.

 

11 aprel 1945 – Faşistlərin Buxenvald (Buchenwald) həbs düşərgəsində (Türingiya (Thüringen) vilayəti) məhbusların qiyamı başlayıb. ABŞ qoşunlarının bölgəyə yaxınlaşması ilə başlanan qiyam nəticəsində Hitlerin sonuncu ölüm düşərgəsi ləğv olunub. 1937-ci ildə təşkil olunan Buxenvald konslagerinə səkkiz ildə 240 minə yaxın məhbus salınmış, ümumilikdə 50 minə yaxın adam (o cümlədən minlərlə sovet hərbi əsiri) məhv edilmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

11 aprel 1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

 

11 aprel 1894 – Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Teodoroviç Kio (Qirşfeld-Renard; 1894 – 19.12.1965) anadan olub.

 

11 aprel 1914 – Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914–1987) anadan olub.

 

11 aprel 1934 – Əməkdar mədəniyyət işçisi, fotojurnalist Yaşar Xəlilov (1934–2018) Bakıda doğulub. Beş olimpiadanı (1972-1988) işıqlandırmış yeganə azərbaycanlı jurnalistdir.

  

Hazırladı: Vüqar Orxan