Tarixdəki olaylar

 

9 aprel 1920 – Erməni silahlı dəstələri daşnak Dronun komandanlığı altında Qazax bölgəsində (Əskipara, Fərəhli, Bağanıs Ayrım və digər kəndlərdə) azərbaycanlı əhaliyə qarşı qırğınlar törədiblər.

 

9 aprel 1940 – Almaniya Norveç və Danimarkaya hücum edib. Danimarkanın işğalı bir neçə saat çəkdi. Norveçlə müharibə isə iyunun 8-dək davam etdi. Avropanın şimalında strateji region olan Norveçin işğalından sonra Hitler həm Britaniya, həm də SSRİ-yə hücum üçün əlverişli imkan qazandı.

 

9 aprel 1989 – Gürcüstanın paytaxtı Tbilisidə əhalinin antisovet şüarlı kütləvi aksiyası hərbi qüvvələr tərəfindən yatırılıb. Hərbçilərlə toqquşmada 16 nümayişçi həlak olmuşdu. Tbilisi hadisələri 1986-cı ilin dekabrında Almatı şəhərində baş vermiş olaylardan sonra zorla yatırılan ikinci antisovet çıxışı idi. Onun ardınca Bakı, Vilnüs, Riqa hadisələri baş verdi.

 

9 aprel 1994 – Ermənistanın işğalçı qüvvələri Goranboy, Ağdam və Ağdərə istiqamətində növbəti hücuma başlayıblar. Döyüşlərdə Azərbaycan Ordusu çoxlu itkilər versə də, hücumun qarşısı alınıb. Cəbhə bölgəsinə gedən Prezident Heydər Əliyev hərbi əməliyyatların gedişinə nəzarət edib.

 

9 aprel 2000 – Bakıda böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi türkdilli ölkələrin dövlət başçılarının, UNESCO-nun baş direktoru K.Matsuuranın iştirakı ilə qeyd olunub. Yubiley münasibətilə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təntənəli mərasim, “Gülüstan” sarayında rəsmi qəbul keçirilib.

Həmin gün Bakıda, Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş və burada şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin açılışı keçirilib.

  

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 aprel 1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin tərtibçisidir.

 

9 aprel 1906 – Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906–1988) anadan olub.

 

9 aprel 1931 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Rahib Abuzər oğlu Hüseynov (1931 – 5.5.1994) Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun rektoru olub.

 

9 aprel 1933 – Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo; 1933 – 6.9.2021) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Missisipidə həyəcan”, “Professional” və s.

 

9 aprel 1946 – Tanınmış aktyor və rejissor Ceyhun Cəmil oğlu Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. “Fəryad” filminin rejissoru və baş rol ifaçısıdır.

 

9 aprel 2023 – Xalq artisti, teatr rejissoru İrana Tofiq qızı Tağızadə (7.5.1957 – 2023) vəfat edib. Akademik Rus Dram Teatrında quruluşçu rejissor işləyib, Akademik Milli Dram Teatrında tamaşalara quruluş verib.

 

9 aprel 2023 – Xalq artisti, teatr rejissoru rejissor Azər Paşa Zəfər oğlu Nemətov (1947 – 9.4.2023) vəfat edib. Gənc Tamaşaçılar Teatrında işləyib. 1990-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. 2016-cı ildən teatrın bədii rəhbəri-direktoru, 2004-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub.

 

Hazırladı: Vüqar Orxan