Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət Himni - “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə “İstiqlalımız əbədidir!” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər.

Sonra MEK-in foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.

Tədbir Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbiri açaraq “İstiqlal marşı”nın yaranma tarixinə nəzər salıb. Akademik qeyd edib ki, Atatürk milli marşın qəbulu üçün müsabiqə elan etmiş, Mehmet Akif Ərsoyun türk ordusuna həsr etdiyi şeir qalib olaraq seçilmişdi. Onun “İstiqlal marşı” türk ordusunun Qurtuluş savaşında qələbəsinə olan inamını, türk əsgərinin şücaətini və fədakarlığını ifadə edir. 1921-ci il martın 12-dən etibarən “İstiqlal marşı”nın rəsmən qəbul edildiyini vurğulayan akademik İsa Həbibbəyli 1930-cu ildə isə himnə musiqi bəstələndiyini diqqətə çatdırıb.

Bu gün Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq olduğunu deyən akademik İsa Həbibbəyli bu əlaqələrin möhkəmlənməsində iki ölkənin liderlərinin dostluq və qardaşlıq münasibətlərinin dayandığını söyləyib.

Akademik İsa Həbibbəyli bugünkü tədbirin ölkələrimiz arasında elmi əlaqələrin inkişafına və Mehmet Akif Ərsoyun yaradıcılığına yenidən qayıdışa töhfə verəcəyini söyləyib. 

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün vurğulayıb ki, “İstiqlal marşı” öz dövrünün ruhunu əks etdirir və türk xalqı tərəfindən qürurla oxunur: "İstiqlal marşı” təkcə bir şeir deyil, xalqımızın mübarizəsinin, milli birliyinin, türk ordusunun qəhrəmanlığının ifadəsidir. Onun qəbulu Qurtuluş savaşının ən çətin dönəmində xalqımızın mübarizə əzmini artırmışdır. Mehmet Akif Ərsoy “Allah bu millətə bir daha “İstiqlal marşı” yazdırmasın”, - deyərək xalqımızın hürriyyətinə olan inamını ifadə etmişdir. Allah şəhidlərimizə rəhmət etsin. Həmçinin Azərbaycanın müstəqilliyi üçün canlarından keçən şəhidlərimizi hörmətlə anırıq”.

Səfir Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan məmnun qaldığını və əməkdaşlıq üçün hər cür dəstəyin veriləcəyini diqqətə çatdırıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner isə çıxışında “İstiqlal marşı”nın türk xalqının, ordusunun tarixi qəhrəmanlığını və hürriyyətinə olan sevgisini ifadə etdiyini bildirib.

Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev böyük türk xalqının milli birlik himni olan “İstiqlal marşı”nın yazılmasının 104-cü ildönümündə Mustafa Kamal Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını fəda etmiş türk əsgərlərini, eləcə də marşın müəllifi Mehmet Akif Ərsoyu, bəstəkarı Osman Zəki Üngörü ehtiramla yad edib. Bildirib ki, “İstiqlal marşı” türk millətinin milli irsinin və mənəviyyatının müqəddəsliyini, sarsılmaz istiqlaliyyətinin əbədiyyətini təsbit edən bir bəyanatdır.

Vurğulanıb ki, 104 il əvvəl qəbul edilən, Türkiyə Cümhuriyyətinin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biri olan Dövlət Himni bu ölkənin ən ağır günlərində bəstələnib. İstiqlal marşının yazıldığı dönəmə qədər Mehmet Akif həm xalq içində milli mücadilə tərəfdarı, həm islami birlik çağırışçısı, həm məşhur şair, həm də millət vəkili kimi tanınırdı. Qeyd edilib ki, Mustafa Kamal Atatürk marşı bəyənib və “Bu marş bizim inqilabımızın ruhunu anladır” deyib.

Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu gün 104 yaşını qeyd etdiyimiz “İstiqlal marşı” təkcə Türkiyə Cümhuriyyətinin deyil, həm də 1983-cü ildə müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyətinin Konstitusiyasında qəbul və təsdiq edilən və Şimali Kiprin milli himni və hər bir Azərbaycan türkü üçün doğma səslənən milli birlik və bütövlük marşıdır. Bu da türk birliyinin, istiqlal amalının bütün türklər üçün eyni olduğunu göstərən mühüm bir faktdır.

Tədbirdə həmçinin Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, professor Elman Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və başqaları çıxış edərək “İstiqlal marşı”nın Türkiyə Cümhuriyyətinin Qurtuluş savaşındakı roluna, eləcə də istiqlal şairi Mehmet Akif Ərsoyun yaradıcılığına toxunublar.

Sonda Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov M.A.Ərsoyun “Çanaqqala şəhidlərinə” və Zəlimxan Yaqubun “Əzəl-axır dünya türkün olacaq” şeirlərini səsləndirib.