Ankaradaki “ATO Congresium” Beynəlxalq Sərgi Mərkəzində “Capital of Fashion COF’25” Beynəlxalq Hazır Geyimlər Sərgisi keçirilib.
Anadoludakı ən böyük sərgilərdən olan Beynəlxalq Ankara Moda Sərgisi müxtəlif ölkələrdən iştirakçı və ziyarətçiləri bir araya gətirib.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq sərgidə ölkəmiz də geniş təmsil olunur.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı Milli Geyim Evinin Azərbaycan xalça naxışlarından və digər ornamentlərdən ibarət milli geyim kolleksiyası iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Azərbaycan milli geyimlərindən ibarət 12 qadın və 7 kişi milli geyimi, o cümlədən ölkəmizin müxtəlif bölgələrinin milli geyim nümunələri türk manekenlər tərəfindən sərgilənib. Moda nümayişində Azərbaycanın “Taylors Home” geyim və parça butikinin təklif etdiyi 17 fərqli gəlinlik də böyük marağa səbəb olub.
Qeyd edək ki, Ankara Geyim İstehsalçıları Dərnəyinin dəstəyi ilə təşkil edilən Ankara Moda Sərgisi yeni moda meyillərinin təqdim edildiyi və yeni əməkdaşlıqların açılacağı, eləcə də işgüzar görüşlərin, idxal və ixrac üçün yeni imkanların açılacağı bir platformadır. Beynəlxalq sərgidə Türkiyənin və dünyanın hazır geyimlər, habelə modaçılıq üzrə öndə olan şirkətləri iştirak edirlər.