Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi bu ölkənin səyahət məkanı kimi tanıtımı çərçivəsində turizm agentlikləri ilə görüş və ziyafət təşkil edib. Fevralın 20-də keçirilən tədbirdə Azərbaycanın xarici turizm üzrə ixtisaslaşan 10-a yaxın şirkəti təmsil olunub.

Səfirlikdən verilən məlumatda bildirilir ki, görüşə qatılan yerli turizm agentliklərinin nümayəndələri bir neçə gündən sonra Mərakeşə səfər edərək ölkənin təklif etdiyi turistik fürsətləri kəşf etmək, Mərakeşdə turizm sektorunun peşəkarları ilə tanış olmaq və öz səyahət proqramlarını zənginləşdirmək imkanı qazanacaqlar.

Bu layihə təşəbbüsü səfirliyin Azərbaycanın yüzə yaxın turizm agentliyi və bu yaxınlarda Mərakeşə səfər etmiş turistlərlə apardığı bazar araşdırması ilə dəstəklənən strateji yanaşmanın bir hissəsidir.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarch turizm agentlikləri ilə görüşdə Mərakeş turizminin mədəniyyəti, dənizkənarını, rifahı, qastronomiyanı və başqa macəraları özündə birləşdirən zənginliyi və müxtəlifliyindən bəhs edib. O, həmçinin başda min illik tarixi, irsinin müxtəlifliyi və Mərakeşlilərin əfsanəvi qonaqpərvərliyi olmaqla, Mərakeş Krallığını unikal və unudulmaz bir məkana çevirən bir çox sərvətləri vurğulayıb.

İştirakçılara Mərakeş səfərlərindən yaddaqalan xatirələrini bölüşən beynəlxalq incəsənət, kino və moda dünyasının məşhurlarının fikirləri də çatdırılıb. Axşam isə səyahət agentləri Mərakeş kulinariyasının zənginliyini və incəliyini əks etdirən yeməklərdən dadaraq bu ölkənin milli mətbəxi ilə tanış olublar.

Bu təşəbbüs Mərakeşin Azərbaycan bazarında tanıdılmasında əsas tərəfdaşlar olan Mərakeş Milli Turizm Ofisi (MMTO) və Türk Hava Yollarının dəstəyindən faydalanır.

Səfirliyin məlumatında o da diqqətə çatdırılır ki, 2024-cü ilin avqustunda qüvvəyə minən Mərakeş və Azərbaycan arasında vizanın aradan qaldırılması haqqında saziş turist axınının əhəmiyyətli dərəcədə artmasına kömək edir və bu, azərbaycanlı səyahətçilərin Mərakeş istiqamətinə marağının göstəricisidir.