Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.
Mədəniyyət naziri Adil Kərimli və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat veriblər.
Bildirilib ki, Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.
Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.
Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan dövləti xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılan, məhv edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz bu gün dövlətimiz tərəfindən təmir-bərpa edilir, yenidən qurulur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu işlərə mühüm töhfə verir. Fond tərəfindən bu istiqamətdə aparılan işlərə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulmasını, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmirini, Zəngilan məscidinin tikilməsini, Ağdam Cümə məscidinin bərpasını və s. misal göstərmək olar. Bütün bu işlər, eyni zamanda, bölgənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.
***
Xatırladaq ki, Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir.
Müdafiə məqsədilə tikilən Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində, Ağdam şəhərinin isə 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində yerləşir. Qala Əsgəranın müdafiə sistemi kimi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına arandan gələn hücumlara qarşı qoruyucu sipər kimi inşa edilib. Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülən bu qala Qarabağ xanlığının şərq qapısı sayılırdı.
Əsgəran qalası müasir dövrümüzə qədər bir neçə dəfə dövlət qeydiyyatına alınıb. Arxiv araşdırmaları zamanı qalaya ilk pasportun 1946-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi tərəfindən verildiyi müəyyən edilib. Göstərilən ildə tərtib olunmuş pasport məlumatlarından aydın olur ki, abidədə 1926 və 1936-cı illərdə ölçü işləri aparılıb. Daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınmış abidələrin siyahısında 550 inventar nömrə ilə Əsgəran qalasını da görürük. Əsgəran qalasına növbəti dəfə 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasport verilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2001-ci ildə 132 nömrəli Qərarla təsdiqlənən abidələrin son siyahısında qala 263 inventar nömrəsi ilə qeyd olunub.
Qalanın sağ sahil istehkamı (şərq hissəsi) bürclərlə möhkəmləndirilib və ikiqat daş divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşib. Sağ tərəfdəki əsas qala kompleksinin uzunluğu 220 m, bəzi materiallarda isə 250 m olduğu göstərilir. Bu hissə qüllələrdən, onları birləşdirən bir cüt divardan və digər müdafiə tikililərindən ibarətdir. Qüllələrin hündürlüyü 5-8 m-dir.
Sol tərəfdəki kompleksin uzunluğu 140 m-dən çoxdur. Hündürlüyü 8-9 m, qalınlığı 2 m-dən ibarət qala divarlarının üz hissəsi yaxşı işlənmiş yerli ağ əhəngdaşından tikilib. Hörgü materialı kimi isə əhəngdən istifadə olunub.
Əsgəran qalasının xalqımız üçün tarixi, həm də mənəvi əhəmiyyəti vardır. 1920-ci ilin mart-aprel aylarında Azərbaycan Xalq Cümhuriyyətinin qoşunları ilə Qarabağdakı erməni-daşnak qüvvələri arasında gedən döyüşlərdə bu qala həlledici amil olub və faktiki Qarabağın sonrakı taleyini də müəyyən edib.
I Qarabağ müharibəsi dövründə, 1992-ci ildə Xocalı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra qala dağıntılara məruz qalıb. Abidədə qanunsuz təmir-bərpa işlərinə cəhd edilib və nəticədə tarixi tikiliyə ziyan vurulub.