Professor Orhan Kavunçunun kitabı haqqında
Türkiyəli siyasətçi, Türk Ocaqları Təhsil və Mədəniyyət Fondunun rəhbəri, keçmiş millət vəkili, yazar, professor Orhan Kavunçunun “Türk dünyası söhbətləri” kitabı işıq üzü görüb.
Türk coğrafiyasının müxtəlif yerlərindən Ankaraya təhsil almağa gələn tələbələr Orhan Kavuncunu “Türküstan baba” adlandırırlar. O, gənclərə Türk dünyasının tarixi, coğrafiyası, bugünü ilə yanaşı, bu sahədə şahidi olduğu hadisələri də maraqla başa salır.
Orhan Kavuncunun “Türk dünyası söhbətləri”ni oxuyanlar həm də bir məqamı fərq edəcəklər: əslində, onların hazırda daşıdıqları türk, özbək, qazax, qırğız, türkmən, azərbaycanlı milli kimliklərini birləşdirən bu söhbətlə tanışlıq elə Türk dünyasına xidmət etməkdir.
Orhan Kavuncu əslən Özbəkistan türklərindəndir. Elmi fəaliyyəti ilə yanaşı hələ tələbəlik illərindən “Ocak”, “Gənc arkadaş”, “Türk yurdu” kimi qəzet və jurnallarda yazılarla çıxış edib. Türk dünyası ilə bağlı iki kitabı və çox sayda məqalələri yayımlanıb. 1985-1993 və 2005-2013-cü illərdə Türk Ocaqlarında müxtəlif vəzifələri yerinə yetirməklə bərabər, 2000-2002-ci illərdə Almaniyada Avropa Nizami-Aləm Ocaqlarının rəhbəri olub.
Ailəlikcə türk milli dəyərlərinin təbliği, öyrənilməsi və öyrədilməsində önəmli xidmətləri olan Orhan hoca sözügedən kitabın ərsəyə gəlməsi haqqında belə deyir: “Türk dünyası ilə bağlı söhbətlər, əslində, universitetdə dərs dediyim tələbələrə mühazirələrimdə, yaxud Türk Ocaqları Birliyinə gələn gənclərlə danışıqlarımda sistemlənmiş bir proqramdır. Bu proqramın kitaba çevrilməsi ilə daha çox insanların Türk dünyası ilə bağlı maariflənmələrinə, daha çox məlumat almalarına səbəb olacağını düşündüm.
Türk aydını, jurnalist, yazıçı, siyasətçi və Türk Ocaqları Məşvərət şurasının üzvü Yücel Hacaloğlu daim belə bir kitabın yazılmasını söhbətlərində mənə təlqin edərdi. Onun bu fikirləri əsasında “Türk dünyası – iki yüz ilin arasında” kitabım ərsəyə gəldi və 2005-ci ildə Türk Ocaqları Ankara şöbəsi tərəfindən nəşr olundu. Hazırda nəşr olunan kitab isə eyni mövzunun 2005-ci ildən sonrakı hadisələr, proseslər də nəzərə alaraq yenilənmiş halıdır”.
Kitab işıq üzü gördükdən bir müddət sonra da Türk Ocaqlarında “Türk dünyası söhbətləri”ni davam etdirdiyini deyən Orhan Kavunçu 2016-cı ildə bunu tədris proqramı kimi həyata keçirmək üçün Kastamonu Universitetindən təklif aldığını deyir: “Kastamonu Universiteti İqtisadiyyat və inzibati elmlər fakültəsinin beynəlxalq əlaqələr şöbəsində bu söhbətləri iki semestr dərs kimi icra etməmi xahiş etdilər”.
Bu xahiş ürəyincə olduğu üçün Orxan Kavuncu dərs proqram tərtib edir, yeni mütaliə və məlumatlarını, qeydlərini, 2005-ci il nəşrini bir daha gözdən keçirir: “Əskiklərini tamamlayarkən yeni bir kitabın yazılması zərurətinə ehtiyac hiss etdim və beləcə yeni nəşri hazırladım”.
Qeyd edək ki, kitabın ilk dörd bölümündə Türk dünyası bütövlükdə ümumi mənada nəzərdən keçirilib. Türk dünyasına necə baxmaq lazım olduğu, kimlik və terminologiya məsələləri izah edilib, türk dünyasının ortaq tarixi, coğrafiyası və mədəniyyəti araşdırılıb.
Beşinci hissədə “Türk dünyasının problemli bölgələri” başlığı altında Şərqi Türküstan, eləcə də Ermənistanın Azərbaycana ərazi iddiaları zəminində meydana gələn Dağlıq Qarabağ məsələsinin tarixidə də əhatə edilib.
Növbəti hissə 1991-cı ildə müstəqillik əldə edən türk cümhuriyyətləri, sovetlərin dağılması, Rusiya Federasiyasındakı türklərdən bəhs edir.
Türk dünyasındakı regional təşkilatlar və Türkiyədə bu istiqamətdə fəaliyyət göstərən milli qurumlar kitabın ayrıca bölümündə təqdim olunur.
Kitabın, sonuncu – səkkizinci bölümdə müəllif Türk dünyasının gələcəyi ilə bağlı proqnozlarını sistemləşdirib.
Müəllif bildirir ki, bütün bu məzmunların tədrisi iki semestr kurs və ya söhbət proqramı kimi asanlıqla həyata keçirilə bilər: “Əslində, kitabın səkkiz fəslində əhatə olunan mövzular həftədə ikisaatlıq kurslardan ibarət təxminən 25 həftəlik kurikulum proqramı kimi planlaşdırılır. Kitabın ilk nəşrindən 15 ildən çox vaxt keçib. Bu müddət ərzində türk dünyasına ümidlərimizi artıran irəliləyişlər olduğu kimi, narahatlığı da artıran hadisələr baş verdi. Amma lap əvvəldən deyə bilərəm ki, bardağın dolu tərəfi boş tərəfindən çoxdur.
Nevzat Kosoğlunun sözlərilə ifadə etsək, “Tarixin yeni bir dönəmi başlamışdır. Dünənə qədər əleyhimizə dönən çarx bu gün bizim xeyrimizə fırlanır. Tarixin bu dönəmində bu çarxın fırlanma sürəti gah azalacaq, gah da artacaq, amma həmişə bizim xeyrimizə dönməkdə davam edəcək”.
Son 15 ildə ən sevindirici hadisələrdən biri də odur ki, Türkiyədə 1990-cı illərə qədər Türk dünyası ilə maraqlanmağı turançılıq hesab edən, turançılığı da qəbul etməyən fərqli dünyagörüşünə mənsub ziyalılar arasında baxışlar müsbət istiqamətə xeyli dəyişib.
Ən solçudan tutmuş islamçıya, ən qərblidən tutmuş anadoluçuya qədər kim daha öncə, kimlər də sonradan Türk dünyası gerçəkliyinə artıq alışdılar. Bir zamanlar Türk dünyasını qəribə görənlər, hətta bir məfhum kimi istifadə etməkdən çəkinənlər indi bu adda kitablara, görüşlərə yer verirlər”.
Orhan Kavuncu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzaladıqları sazişlə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası kimi təməli qoyulan, daha sonra Özbəkistanın tamhüquqlu, Türkmənistanın, Macarıstanın, ən son isə Şimali Kiprin müşahidəçi qismində üzv olduğu indiki Türk Dövlətləri Təşkilatını bu sahədə çox uğurlu irəliləyiş hesab edir: “Türk dünyasında möhkəm bir birlik başda öz qardaşlarımız olmaqla, çətinliyə düşən hər bir toplum üçün bir ümid olacaq. Türk dünyası üçün görüləcək işlər çoxdur. Türk dünyası araşdırması başda mədəniyyətimiz və mənəvi dəyərlərimiz olmaqla hüquqdan iqtisadiyyata, dövlət idarəçiliyindən beynəlxalq münasibətlərə, ilahiyyatdan ekologiyaya, kənd təsərrüfatından sosiologiyaya qədər bir çox elmlərin kəsişdiyi bir sahədir. Bu səbəbdən Türkiyədə bir çox universitetlərdə Türk mədəniyyəti ilə bağlı araşdırma Mərkəzləri və institutları, bu anlayışa uyğun şəkildə qurulmaqda və fəaliyyət göstərməkdədir”.
Orxan hocanın fikrincə, Türk dünyasının gələcəyi üçün onu indi gördüyümüzdən daha geniş coğrafiyada qəbul etmək gərəkdir. Bu baxımdan “Türk dünyası söhbətləri” kitabı həmin böyük anlayışı bizə ifadə edən dəyərli söhbət və mühazirələrin toplusudur.
Mehparə Sultanova
Ankara