
Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 140 illiyi qardaş Özbəkistanda da qeyd ediləcək.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Akif Marifli ilə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının direktoru Ramiz Usmanov arasında görüşdə müzakirə aparılıb.
Söhbət zamanı vurğulanıb ki, Özbəkistanda 1920-ci illərin əvvəllərindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Leyli və Məcnun” və s. əsərləri əsasında milli musiqi əsərləri yaradılmağa başlanıb, bununla əlaqədar Özbəkistanda peşəkar teatrın yaranması və inkişafında, professional musiqi sənətinin formalaşmasında, kadrların yetişməsində Üzeyir Hacıbəyli yaradıcılığı xüsusi rol oynayıb.
AMM-nin təklifi əsasında Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə xalqlarımız arasında mədəni mübadilənin və dostluğun rəmzinə, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığına ehtiram əlaməti olacaq birgə konsertin keçirilməsi qərara alınıb.