Beynəlxalq Muğam Mərkəzinin (BMM) tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) “Məhəbbət çırağı” adlı konsert proqramı təqdim olunub.

Kollektivin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqram tamaşaçılara xoş ovqat bəxş edib.

Xor-estrada və cazı özündə cəm edən konsertdə retro və sevilən mahnıların xor üçün yeni işləmələri maraqla qarşılanıb. Pianoçu, Əməkdar artist Eldar Məmmədovun rəhbərliyi ilə peşəkarlardan ibarət musiqi qrupunun müşayiəti ilə baş tutan musiqi axşamının sonunda Əməkdar incəsənət xadimi, professor, musiqişünas Zümrüd Dadaşzadə çıxış edərək təəssüratlarını bölüşüb.

Alim qeyd edib ki, təqdim olunan rəngarəng musiqi çələngi zalda heç kəsi biganə qoymadı: C.Cahangirov adına Xor repertuarını genişləndirir, yeni musiqi tapıntı və həlləri ilə auditoriyanı sevindirir. Xorda musiqi duyumu, gözəl səsi olan gənclərin çıxışları auditoriyaya pozitiv hisslər ötürür”.

Musiqişünas maraqlı çıxışa və xoş atmosferə görə BMM-ə və Xorun kollektivinə təşəkkür edib, uğurlar arzulayıb.